25 Oktyabr 2024 17:24
Oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib:
"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
"Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Bakıda məktəbdə 11-ci sinif şagirdinin bıçaqlanması barədə məlumat yayılmışdı.