METBUAT.AZ

Ölkə

Bakının mərkəzində nəhəng zona yaradılır -

8 Oktyabr 2024 13:45

Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, qeyd edilən piyada zonaları geniş bir ərazini əhatə edəcək. Hazırda belə zonanın yaradılması metronun "28 May" stansiyasının qarşısındakı meydanda davam edir.

Bu səbəblə Bakının mərkəzi yerlərinin avtomobillərə bağlanılması qaçınılmazdır.

Ərazilərə daxildir:

Hazırda Xəqani bağının ətrafı avtomobillər üçün bağlanıb. Belə ki, Xəqani bağının (keçmiş Molokan bağı - red.) ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb.

Ərazi "Sahil" metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir - pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xəbər verilib ki, oktyabrın 5-də Bakının Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin giriş-çıxışı tam məhdudlaşdırılıb.

Eyni zamanda layihəyə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılması, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanması da daxildir.

Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək.


metbuat.az.