8 Oktyabr 2024 21:15
Oktyabrın 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun Geniş Kollegiya iclası keçirilib.
Metbuat.az xəbər verir ki, Baş Prokurorluğun Kollegiya üzvləri tərəfindən əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulmuş, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmini uğurunda aparılmış mübarizədə, “I Qarabağ” və “44 günlük Vətən” müharibələrində, lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qazilərimizə şəfa arzu edilmişdir.
Geniş Kollegiya İclasında 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 106 illiyi münasibətilə bir qrup prokurorluq işçisinin cənab Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatlarına layiq görülməsi ilə əlaqədar prokurorluq işçiləri adından ölkə rəhbərliyinə təşəkkür və dərin minnətdarlıq bildirildi, bundan sonra da hər bir prokurorluq əməkdaşı tərəfindən fəaliyyətləri ərzində insan vətəndaş hüquq və azadlıqların qorunması, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin intensiv qaydada davam etdirilməli olduğu, xüsusən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması sahəsində səmərəliliyin artırılmasının vacibliyi vurğulandı.
Daha sonra, Baş prokuror Kamran Əliyev tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələrinin daim inkişaf etməsi, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artması, ölkəmizin bir sıra regional, eləcə də beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qeyd edildi və bu tədbirlər çərçivəsində ölkəmiz və prokurorluq üçün müstəsna əhəmiyyət kəsb edən,170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının cari ilin 27 sentyabr - 02 oktyabr tarixlərində paytaxt Bakı şəhərində yüksək peşəkarlıq və təşkilatçılıqla keçirildiyi iştirakçıların diqqətinə çatdırıldı.
Tədbir barəsində məlumat verilərkən bildirildi ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağında 88 ölkə, 95 yurisdiksiya, 10 beynəlxalq təşkilatdan ümumilikdə 500-dən artıq şəxs iştirak etmişdir. Həmin tədbirin uğurla keçirilməsinin Azərbaycan Prokurorluğu orqanlarının növbəti uğuru olması xüsusilə vurğulandı.
Eyni zamanda çıxışda qeyd olundu ki, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) kimi mötəbər bir tədbirin paytaxtımızda keçirilməsinin 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi dünya ölkələri tərəfindən ölkəmizə olan etimadın və Prezident cənab İlham Əliyevin siyasi səriştə və bacarığına, habelə nüfuzuna olan inamın və rəğbətin göstəricisidir.
Məlumat verildi ki, həmin tədbir çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə birgə noyabr ayının 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda plenar iclasın keçirilməsi nəzərdə tutulmuşdur.
Bundan əlavə, qeyd edildi ki, cari ilin dekabr ayında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı və Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində beynəlxalq konfrans keçiriləcəkdir.
Tədbir zamanı Baş prokuror Kamran Əliyev tərəfindən peşə bayramı münasibətilə müvafiq əmrlə təltif edilmiş bir qrup prokurorluq əməkdaşına mükafatlar təqdim edildi.
Bundan başqa, Geniş Kollegiya iclasında cari ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş 26-cı müsabiqənin gedişatı barədə məlumat verilərək, prokurorluğun fəaliyyəti ilə əlaqədar bir sıra kadr məsələləri üzrə qərarlar qəbul edildi.
İclas zamanı Kamran Əliyev tərəfindən Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə birgə noyabr ayının 15-də keçiriləcək plenar iclasın, Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində dekabr ayında keçiriləcək beynəlxalq konfransın təşkili istiqamətində, habelə prokurorluğun fəaliyyətinə aid bir sıra zəruri məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verildi.
İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı uğurların ölkə başçısının həm siyasi, hərbi, diplomatik, həm də iqtisadi sahədə apardığı məqsədyönlü fəaliyyətinin nəticələri olduğunu diqqətə çatdırmaqla bu istiqamətdə, habelə qanunun aliliyinin təmin edilməsi və dövlətçilik maraqlarının qorunması ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə etdi.
Tədbirdən sonra Baş Prokurorluğun rəhbərliyi yenidən layihələndirilmiş Azərbaycan Prokurorluğunun tarix muzeyi ilə tanış olub.