1 Oktyabr 2024 10:46
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məqsədlə hazırlanan təklifləri gələn ayın 1-nə qədər təqdim edəcək.
Metbuat.az-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
O bildirib ki, minimum əməkhaqqı artımı mülkiyyət növündən asılı olmayaraq, bütün sahələrdə minimum maaş alan işçiləri əhatə edəcək. Bu artım həm dövlət, həm də özəl sektorlara şamil olunacaq.
Bayramov qeyd edib ki, özəl sektorda çalışan işçilər üçün minimum əməkhaqqının yeni məbləğindən aşağı maaş verilməsi qadağandır. Məsələn, vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alarısa minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır.
Əgər işçinin maaşı minimum əməkhaqqının yeni məbləğindən artıqdırsa, bu halda maaş artımı işəgötürənin qərarına bağlıdır. Məsələn, 800 manat maaş alan bir şəxsin gəliri sahibkarın öz qərarına görə dəyişdirilə bilər.
Lakin Vüqar Bayramov vurğulayıb ki, inflyasiya nəzərə alınaraq özəl sektorda da daha yüksək maaş artımları tövsiyə olunur.