METBUAT.AZ

Sosial

Ekoloji problemin həlli yolu varmı? -

18 Oktyabr 2024 21:46

Son illərdə Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində sahilyanı ərazilər genişlənərək ciddi ekoloji problemlər yaradıb. 2010-cu illərin ortalarından başlayaraq Xəzər dənizinin su səviyyəsində azalma müşahidə edilir. Bu enmə 2021-ci ildə 35 sm, 2022-ci ildə isə 20-25 sm-ə qədər çatıb.

Xəzər dənizinin ekoloji vəziyyəti Xəzəryanı ölkələri narahat edən məsələlərdən biridir. Hətta Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı gündəmdə duran məsələlərdən biri də Xəzər dənizi ilə bağlı idi. Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinlə görüşü zamanı bildirmişdi ki, mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəliblər.

Xəzərdə su səviyyəsinin azalma səbəbləri barədə Metbuat.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, qapalı göllərdə zaman-zaman bu cür problemlər meydana gəlir: “1995-ci ildən bəri Ələt-Astara dəmir yolu magistralının dalğalar tərəfindən dağıdılması, Bakı Sahil Parkında baş verən dağıntılar və Xaçmaz-Nabran istiqamətindəki turizm obyektlərinin əksəriyyətinin ziyan görməsi dəniz mühitinin dayanıqlığına ciddi təsir edən problemlərdən yalnız bir neçəsidir. Bu cür dağıntılar daimi olaraq baş verir.


Son dövrlərdə dəniz səviyyəsinin azalması yeni çətinlikləri də gətirib. Gəmilərin sahilə yaxınlaşması çətinləşib. Bu, soyutma suyu üçün su götürən müəssisələrin fəaliyyətinə də ciddi təsir edir. Xəzərin suyunun azalması dəniz ekosisteminin müxtəlifliyinə ciddi zərər verə bilər. Dəniz suyu temperaturundakı şaquli dəyişikliklərin artması, həll olunmuş oksigenin azalmasına səbəb olur ki, bu da dəniz canlılarının yaşamına mənfi təsir göstərir.

Bu problemlər hazırda həyata keçirilən milli adaptasiya strategiyasının əsas istiqamətlərini formalaşdırır. Ümid edirik ki, bu istiqamətlər üzrə geniş fəaliyyət tədbirlərinə başlanılacaq. Yeni Milli Adaptasiya Proqramı qısa, orta və uzunmüddətli dövrlərdə müxtəlif fəaliyyətləri nəzərdə tutur. Əgər bu tədbirlər həyata keçirilərsə, Azərbaycan Xəzər dənizinin səviyyəsinin dəyişmələrinə daha effektiv uyğunlaşma imkanı əldə edəcək”.

BDU-nun “İqtisadi və sosial coğrafiya” kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov isə deyib ki, Xəzərin su səviyyəsinin aşağı düşməsi tamamilə təbii bir prosesdir: “1829-cu ildən etibarən Xəzər dənizinin səviyyəsi ilə bağlı instrumental hesablamalar aparılır. Bu günə qədər su səviyyəsinin necə dəyişdiyi, yəni neçə santimetr və ya metr qalxdığı və ya düşdüyü ilə bağlı dəqiq məlumatlar mövcuddur.


Xəzər dənizinin səviyyəsinin qalxması və düşməsi, əsasən iqlim prosesləri, yağıntıların buxarlanması və Xəzərə daxil olan çayların səviyyəsinin dəyişməsi ilə bağlıdır. Tarix boyunca Xəzərin səviyyəsi bu təbii proseslərin təsiri altında dəyişib. Son 200 il ərzində mövcud məlumatlar göstərir ki, Xəzər dənizinin səviyyəsi 2-3 metr arasında dəyişib. Həmçinin, 1978-1994-cü illər arasında Xəzərin səviyyəsi qalxmağa başlayıb, daha sonra isə yenidən enməyə başlayıb. Bu qalxma və enmə prosesləri təkrarlanan bir xarakter daşıyır. İnsanların bu dəyişikliklərdə rolu şişirdilməməlidir, çünki təbii proseslərin miqyası o qədər genişdir ki, insanların müdaxiləsi bu səviyyələrin dəyişməsində əhəmiyyətli dərəcədə olmur”.

Çingiz İsmayılov, Xəzər dənizinin səviyyəsi ilə bağlı aparılan tədqiqatlar və təhlillər haqqında danışaraq vurğulayıb ki, son beş-altı ildə Xəzərin səviyyəsi təxminən 1.8 metr enib. Riyazi modelləşdirmə əsasında səviyyənin 20 il ərzində 9-18 metrə qədər düşəcəyinin proqnozlaşdırıldığını diqqətə çatdıran mütəxəssis qeyd edib ki, Dünya Bankının ekspertlərinin təhlillərinə görə, bu enmə 4-5 metr arasında ola bilər: “Bu dəyişikliklərin qlobal iqlim dəyişmələri ilə sıx əlaqəsi var. Günəş fəallığının artması nəticəsində istiləşmə prosesi gedir və bu da buxarlanmanın artmasına səbəb olur. Nəticədə, dənizə daxil olan su miqdarı azalır. Eyni zamanda, günəş fəallığı aşağı düşdükdə, səviyyə qalxmağa başlayır.

Xəzər dənizinin dərinliyi 1 kilometrdən çoxdur və onun sahil bölgələri ekosistemlər üçün əhəmiyyətlidir. Xəzər dənizi həm də balıqçılıq, neft və qaz hasilatı, turizm və digər sahələr üçün böyük imkanlar təqdim edir. Məsələn, İran sahilindəki turizm mərkəzləri hər yaz 15 milyon turistə ev sahibliyi edir. Xəzər dənizi 130-dan çox balıq növü ilə zəngindir və mineral resurslarla doludur.

Lakin Xəzərin səviyyəsinin dəyişməsi bu iqtisadi fəaliyyətlərə ciddi təsir göstərir. Xüsusilə, səviyyənin enməsi limanlara yaxınlaşmağı çətinləşdirir, balıqçılıq fəaliyyətlərini məhdudlaşdırır və ekoloji vəziyyəti gərginləşdirir. Bu səbəbdən, sahil bölgələrində turizm və infrastruktur layihələrinin planlaşdırılmasında səviyyə dəyişikliklərini nəzərə almaq vacibdir.

Eyni zamanda, sahil bölgələrinin idarə olunması üçün proqramların tərtib olunması zəruridir. Belə proqramların olmaması, sahildəki vəziyyətin pisləşməsinə gətirib çıxarır. Bunu nəzərə alaraq, Xəzər dənizinin ekosistemini qorumaq və onun resurslarından səmərəli istifadə etmək üçün tədbirlər görülməlidir”.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin Xəzəryanı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərdiyini ifadə edən mütəxəssis xatırladıb ki, ekoloji vəziyyətin gərginləşməsi və bioloji müxtəlifliyin pozulması da önəmli məsələlərdəndir: “Azərbaycan, Rusiya və Türkmənistan bu dənizdən neft hasil edir, lakin İran bu sahədəki imkanlarından daha çox turizm və kənd təsərrüfatı resurslarına yönəlir. Xüsusilə, hər yay İranın 15 milyon turistinin bu bölgəyə axını onun iqtisadiyyatı üçün vacibdir.

Xəzərin səviyyəsinin dəyişməsi ölkələrin iqtisadiyyatına birbaşa təsir edir. Səviyyə düşdükcə infrastruktur, o cümlədən dəmir yolları və limanlar, əlavə xərclər tələb edir. Bu, balıqçılıq təsərrüfatlarını da mənfi təsir edir, çünki balıqların kürü vermə imkanları məhdudlaşır.

Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər, təbii proseslərin nəticəsidir və insan faktorunun rolu nisbətən azdır. Lakin qlobal iqlim dəyişikliyi və onun nəticələri, su balansını pozaraq bu dəyişiklikləri sürətləndirə bilər. İnsanların ekoloji vəziyyətə təsiri, neft hasilatı və çirklənmə ilə daha çox əlaqədardır.

Bu səbəbdən, sahil ərazilərində təsərrüfatların təşkilində səviyyənin tərəddüdü nəzərə alınmalıdır. Turizm obyektləri, limanlar, balıqçılıq təsərrüfatları və infrastruktur layihələri bu dəyişikliklərə uyğun olaraq planlanmalıdır. İdarəetmə proqramları olmadan, sahil ərazilərindəki inkişafın riskləri artır, bu da iqtisadi ziyana yol açır.

Xəzər dənizinin səviyyəsi və onun dəyişiklikləri bölgədəki ölkələrin iqtisadiyyatını, ekosistemlərini və sosial-iqtisadi inkişafını əhəmiyyətli dərəcədə təsir edir. Buna görə də, müvafiq tədbirlər görülməli və gələcəkdə baş verə biləcək risklər nəzərə alınmalıdır”.

Qeyd edək ki, Xəzər dənizinin dayazlaşması və onun qidalanma mənbələri, xüsusilə Ural çayının durumu, bölgənin ekosistemini ciddi şəkildə təsir edir. Ural çayının dayazlaşması 1970-ci illərdən etibarən müşahidə olunur və bu, su elektrik stansiyalarının tikintisi və yuxarı axınında su anbarlarının yaradılması ilə əlaqədardır. Rusiyanın Orenburq və Çelyabinsk vilayətlərində yerləşən 19 bənd və su anbarı, çayın axınını azaldaraq Xəzər dənizinə daxil olan suyun həcmini ciddi şəkildə azaltmışdır.

Ural çayının 58 qolu var ki, bunlardan ən böyüyü Sakmara, Elek və Çağandır. Yuxarı Uralda İriklinski su anbarı tikildikdən sonra çay suyunun 80%-i Sakmaradan gəlməkdədir. Bu da suyun tükənməsinə və ekosistem dəyişikliklərinə yol açır. Xəzər dənizinin şimal hissəsində suyun dayazlaşması, bu bölgədə yaşayan balıq növləri, xüsusən nəsli kəsilməkdə olan Xəzər suitilərinin və digər balıqların kürü tökmə imkanlarını da məhdudlaşdırır. Dənizin ildə 7 sm kiçilməsi bu unikal ekosistem üçün ciddi bir təhlükə yaradır.

İqtisadçı ekspertlərin qənaətinə görə, bu vəziyyət Şimali Xəzərdə gəmiçilik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə (BND) birbaşa təsir edəcək problemlərlə üzləşəcək. Olya və Həştərxan limanlarında liman obyektlərinə giriş, həmçinin Volqa-Don kanalı boyunca sonrakı hərəkət məhdudlaşdırıla bilər. Cənub hissəsində dəniz səviyyəsinin aşağı düşməsi isə İran limanlarının fəaliyyətinə az da olsa təsir göstərəcək.

Nəticədə, 2030-cu ilə qədər "Şimal-Cənub" BND-nin marşrutları üzrə konteyner daşıma potensialının 662 min iyirmifutluq ekvivalentə (İFE) çata biləcəyi proqnozları reallaşmayacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan, Xəzər dənizinin mühafizəsi və ekosisteminin qorunması məqsədilə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklər əsasən Xəzər dənizinin ekosisteminin qorunması üçün qanunvericilik və beynəlxalq müqavilələrə uyğun tədbirlərin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq, suyun keyfiyyətinin qorunması, dəniz suyunun və Xəzər dənizinin flora və faunasının mühafizəsi, o cümlədən nadir və təhlükədə olan növlərin qorunması haqqındadır.

Bu öhdəliklər Azərbaycan Respublikası Prezidentinin fərmanları, qanunları və beynəlxalq müqavilələrdə öz əksini tapır.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır


metbuat.az.