17 Oktyabr 2024 23:15
"Instagram" mesajlaşma zamanı ekran görüntüsü almağı məhdudlaşdıran yeni xüsusiyyəti test edir.
Metbuat.az xəbər verir ki, platforma istifadəçi məxfiliyini artırmaq məqsədilə "Vanish Mode" rejimində ekran görüntüsü almağı məhdudlaşdıracaq.
Hazırda bu modda ekran görüntüsü alındıqda qarşı tərəfə bildiriş göndərilir. Yenilik sayəsində mesajların ekran görüntüsünün alınmasının qarşısı tamamilə alınacaq.
"Instagram" bununla xüsusilə gənc istifadəçilərin kiber zorakılıqdan qorunmasını hədəfləyib. Texnoloji həllərin tam məxfilik təmin etmədiyini nəzərə alsaq, bu cür təhlükəsizlik tədbirləri istifadəçilər arasında daha təhlükəsiz ünsiyyətə töhfə verəcək.
Qeyd edək ki, köhnə "Instagram" versiyalarında və veb versiyada ekran görüntüsü almaq isə yenə mümkün olacaq.