29 Oktyabr 2024 11:31
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdarda uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi işləri ilə tanış olub.
Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür.