METBUAT.AZ

İdman

Qara Qarayev sürpriz transferindən danışdı -

31 Oktyabr 2024 14:07

"Araz-Naxçıvan"ın yeni transferi Qara Qarayev "Report"a müsahibə verib. O, kluba keçidindən və transferin necə baş tutmasından danışıb. Azərbaycan millisinin sabiq üzvü "Qarabağ"da və "Neftçi"də çıxış etdiyi dövrlərdən, paytaxt təmsilçisinin sabiq baş məşqçisi Roman Qriqorçukla aralarında yaşananlardan, milli komandadan küsməyinin səbəblərindən və başqa məqamlardan bəhs edib.

Metbuat.az həmin müsahibəni təqdim edir:

- "Araz-Naxçıvan" klubuna keçidiniz sürpriz oldu. Transfer necə baş tutdu?
- Bu işdə komandanın baş məşqçisi Elmar Baxşıyev və məşqçi Əfran İsmayılovun böyük rolu oldu. "Neftçi"dən ayrıldıqdan sonra klubsuz idim. Birdən zəng gəldi və Elmar müəllim söylədi ki, evdə oturmaqdan yorulmadın? Dedi, butslarını da götür, gəl bizim kluba. Bu danışıqdan səmimilik hiss etdim və çox xoşuma gəldi. Mənə inam üçün darıxmışdım. Baş məşqçinin özümə güvəni qaytarması bu işdə önəmli rol oynadlı.

- Klubsuz olarkən sizinlə kim əlaqə saxlayırdı?
- Heç kimlə danışmırdım. Elmar Baxşıyev zəng etdi, onunla danışdım. Ona təşəkkürümü bildirirəm ki, etimad göstərdi. Bir müddətdən sonra mənə inandı. "Araz-Naxçıvan"a faydalı olacağımı düşünürəm.

- Komandanın təklif etdiyi maddi şərtlər sizi qane etdi?
- Maddiyatla bağlı konkret heç bir danışığım olmayıb. Qarşı tərəfə heç bir tələb irəli sürmədim. Ümumiyyətlə, bu barədə aramızda söhbət olmayıb. Rəhbərlik və baş məşqçi nə vəd edibsə, diqqətlə baxmadım. İnanın, indiki vəziyyətdə mənim üçün ən əsas səmimiyyətdir. Çünki futbol oynamağa çox ehtiyacım var. Bu dəqiqə mənim üçün əsas olan budur. Hazırda futbola olan sevgim puldan daha üstündür.

- Klubsuz qaldığınız müddətdə karyeranızı bitirməyi düşünmüşdünüz?
- Karyeramı başa vurmaq barədə düşüncələrim var idi. Çox götür-qoy edirdim. Amma qəti fikrim deyildi deyə, gözləyirdim. Elə alındı ki, "Araz-Naxçıvan"dan təklif aldım. Düşünürəm ki, karyeramı başa vursaydım, özümə qarşı haqsızlıq etmiş olardım.

- Meydanda əvvəlki Qara Qarayevi görə biləcəyik?
- Elmar müəllimlə danışanda da bildirmişdim ki, mən robot deyiləm ki, eyni səviyyədə qalam. Düzdür, fərdi olaraq məşqlər edirdim. Baxmayaraq ki, "Neftçi"nin əvəzedicilərinin heyətində zədə almışdım. Şükürlər olsun ki, artıq zədəm sağalıb. Tam gücümü ortaya qoyaraq məşqlərə başlamışam. Əvvəlki oyunlarımı sərgiləyəcəyimə inanıram. İstər fiziki, istərsə də psixoloji cəhətdən çox şey itirməmişəm. Futbol üçün çox darıxmışam. Bu, gücümə güc qatacaq. Biz idmançıların əsas düşüncəsi Azərbaycanın adını yüksəklərə qaldırmaqdır. 18 yaşında olan Qara Qarayev olmasa da, yaxşı formada olan Qaranı görəcəksiniz.

- "Neftçi"dən ayrıldıqdan sonra adınız bir müddət "Sabah" və "Zirə" klubları ilə yanaşı hallanmağa başladı. Mətbuatda yazılanlar doğru idi?
- "Zirə" ilə heç bir danışığımız olmamışdı. Hətta komandanın baş məşqçisi Rəşad Sadıqov da bu barədə mətbuata açıqlama vermişdi. "Sabah"la isə danışıqlar aparırdım. Müəyyən razılıq əldə olundu, lakin bəzi səbəblərə görə transfer baş tutmadı. Daha sonra təklifləri gözləməyə başladım.

- "Neftçi"də çıxış edərkən həmin vaxt komandanın baş məşqçisi olan Roman Qriqorçukla aranızda müəyyən soyuqluq yaranmışdı. Məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Bu barədə çox danışmaq istəmirəm. Lakin problem Roman Qriqorçukun "Qara mənim komandama kömək edə biləcək gücdə deyil" deməsi ilə başladı. Futbol oynadığım dövrdə hər zaman deməyə sözüm olub və özümü müdafiə edə biləcək biriyəm. Sadəcə, artıq baş məşqçi öz fikrini bildirmişdi və qərar verilmişdi. Əlavə nəsə deməyə ehtiyac yox idi. Məsələ burasındadır ki, o, mənə 1 dəqiqə belə şans vermədən bu sözü söyləmişdi. Məşq prosesində belə imkan yaratmamışdı.

- Roman Qriqorçukun sizə qarşı ədalətsiz davrandığını düşünürsünüz?
- Mən bu məsələyə iş kimi yanaşıram. Futbol da bir işdir və belə bir şey ola bilər. Biz peşəkarıq. Təəssüf ki, karyeramda belə bir hadisə oldu. Dediyim kimi, olanları iş hadisəsi kimi qəbul edirəm. Ədalətsizliklə üzləşib-üzləşmədiyimlə bağlı kənardan çox fikir səslənə bilər. Mənim üçün bu iş prosesidir. Bu məsələ gündəmdə olan vaxt da Roman Qriqorçukun fikrinə hörmətlə yanaşırdım.

- "Neftçi" cari mövsüm ardıcıl xal itkilərinə məruz qaldıqdan sonra Roman Qriqorçukun komandadan gedəcəyi heç kimdə şübhə doğurmurdu. Belə olan halda yeni baş məşqçinin gəlişini gözləmək olmazdı?
- Mənim olduğum yerdə xırdalıqlara getməyə ehtiyac yoxdur. Baş məşqçinin qərarı ilə əvəzedici heyətə göndərilmişdim. Onlara olan hörmətimə görə qərarla razılaşdım. İstənilən halda, klub futbolçudan böyükdür. Azərbaycanın ən titullu futbolçularından biri olan Qara Qarayev başda olmaqla, hər kəs klubuna və verilən qərarlara hörmətlə yanaşmalıdır.

- Əvəzedici heyətə göndərilməyiniz sizə pis təsir etmədi?
- Əlbəttə, pis təsir etdi. Əvəzedici heyətə göndəriləndə özümü tək hiss edirdim, heç kimlə danışmırdım. Klubdan da kimsə maraqlanmırdı. Heç vaxt oynadığım futbolu maddi maraqlar üzərində qurmamışam. Mənim üçün əsas inam və güvən olub. Onda bitmişdirsə, deməli, uzadılacaq heç nə yox idi. Mən ayrılandan 3-4 oyun sonra Qriqorçukun gedişi rəsmiləşdi. Həmin müddətdə əvəzedicilərin heyətində yer almaq mənim üçün çətin olardı.

- Komandadan ayrılarkən baş məşqçi ilə söhbətiniz oldu?
- Əlbəttə, normal görüşdük. Hətta ona bildirdim ki, qərarınıza hörmətlə yanaşıram, peşəkar şəkildə verilən qərarların müzakirəsi olmur. Bu sözümdən sonra Qrioqçuk məni qucaqlamaq istədi. Yenə deyirəm, bu, onun qərarı idi. Onun düşüncəsini məşq prosesində dəyişə bilərdim. Amma bu da alınmadı. Bununla belə, Qriqorçuk deyirdi ki, sən öz işinə ən məsuliyyətlə yanaşan futbolçulardansan.

- "Neftçi"dən küskün ayrıldınız?
- Xeyr, belə bir şey yoxdur. "Neftçi"nin böyük futbok camiəsi və azarkeşləri var. Kimdənsə küskünlüyüm yoxdur. Düşünürəm ki, hər şey ədəb-ərkanla olsa, daha yaxşı olar. "Neftçi"dən ayrılmışam deyə, klub barədə neqativ fikirlər səsləndirməyi özümə uyğun bilmirəm. Onlara uğurlar arzu edirəm. Yolları hər zaman açıq olsun. "Neftçi" Azərbaycan futbolu üçün vacib fiqurdur. Klubun aşağı yaş qruplarında çox istedadlı uşaqlar var. Düşünürəm ki, onlar gələcəkdə futbolumuza faydalı olacaqlar.

- Azərbaycan Premyer Liqasının XII turunda "Araz-Naxçıvan" klubu "Neftçi" ilə qarşılaşacaq. Bu görüş sizin üçün xüsusi prinsipiallıq daşıyır?
- Qətiyyən daşımır. Daha doğrusu, mənim üçün xüsusilik daşımır. Bütün oyunlara ciddi yanaşacağıq. Həmçinin də "Neftçi" ilə matç "Araz-Naxçıvan" üçün vacib görüşlərdən biridir. Komanda turnir cədvəlində yer aldığı mövqeni möhkəmləndirməyə çalışacaq. Həmin qarşılaşmaya hazır olub-olmayacağımı dəqiq bilmirəm. Baş məşqçimiz uyğun bilsə və hazır olsam, komandama kömək etməyə çalışacağam.

- Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi tərəfindən heyətdən kənarlaşdırılmağınızı necə xatırlayırsınız?
- Əslində hər şeyin kökü milli komandaya dayanır. Həmin vaxt yığmadan çox incimişdim. Baş məşqçi heç bir səbəb olmadan məni heyətdən çıxartdı. Təəssüf ki, mənə qarşı bu addımdan sonra heç kim yanımda olmadı. O, mətbuata açıqlamışdı ki, hər kəs millidə qələbəyə sevinərkən, Qara kənarda dayanmışdı. Bu çox gülünc söhbət idi. Üzüldüyüm məqam o idi ki, bu məsələdən sonra heç kim yanımda olmadı. Onun qərarına təsir edə biləcək insanların dəstəyini görmədim. Bildirmişdim ki, De Byazzi ilə görüşmək, söhbət etmək istəyirəm. Hardasa səhvim varsa, özümə desin, mən də ona hər şeyi izah edim. Amma məni onunla görüşdürmədikləri üçün çox incidim.

- "Qarabağ"dan ayrılaraq "Neftçi"yə keçidiniz azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı. Bununla bağlı nə deyə bilərsiniz?
- "Qarabağ" mənim üçün doğmadır. Bu gün futbolçu kimi tanınmağım və özümü təsdiqləməyim bu komandanın sayəsində olub. Lakin yığmada baş verən proseslərdən sonra "Qarabağ"da meydana çıxmaq şansım azalmışdı. Qarşılıqlı razılaşdıq ki, daha çox forma geyinə biləcəyim komandaya keçim.

- "Neftçi" və milli komandada cərəyan edən hadisələr sizə nə dərəcədə mənfi təsir göstərdi?
- Heç bir səbəb olmadan milli komandadan 2 ilimi oğurladılar. Bir söz deyəcəm. Sırf özümə şamil etmirəm, ümumi danışacağam. Futbolçu karyerası zəngin olan oyunçularımızı qoruyub-saxlamalıyıq. Hansısa oyunçuların yığma təcrübəsi varsa, Çempionlar Liqası, Avropa Liqası matçlarında meydana çıxıbsa, həmin futbolçuların təcrübələrindən yararlanmaq lazımdır. Karyerasını başa vurmaq üzrə olan futbolçulara deməməliyik ki, nə işlə istəyirsinizsə, məşğul olun. Onların müasir futbolçu təcrübələri bizə lazımdır.

- "Qarabağ"ın cari mövsüm Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?
- Komanda müəyyən səhvlərin ucbatından oyunlarını məğlub başa vurub. Avropa Liqasının Liqa mərhələsində 3 oyuna çıxıblar və özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Qarşılaşmalar zamanı təhlükəli vəziyyətlər də yaradıblar. Ancaq bəzən alınmayanda, alınmır. Ötən il onlar üçün hər şey daha yaxşı idi. Bu mövsüm sanki futbol şansı "Qarabağ"ın yanında deyil. İnşallah, qarşıdakı görüşlərdə daha yaxşı çıxış edib, xallar qazanacaqlarına ümid edirəm.

- "Qarabağ" "Ayaks"la keçirdiyi III turun oyununda 3 cavabsız qolla məğlub oldu və görüşün əvvəlində Julio Romaonun aldığı qırmızı vərəqə qarşılaşmanın taleyinə təsir etdi. Vaxtilə eyni mövqedə çıxış etdiyiniz və sizi ehtiyat oyunçular skamiyasında gözləməyə məcbur edən futbolçunun çıxışı barədə nə deyə bilərsiniz?
- Futbolda bəzən belə səhvlər olur. İnsan bəzən qərar verməkdə gecikir və ortaya səhvlər çıxır. Məncə, Romaoya təzyiq göstərməyə ehtiyac yoxdur. Oyunda səhvlər olur. Fikrimcə, "Qarabağ" klub olaraq onun arxasındadır və ictimayyət də eyni dəstəyi göstərməlidir. Julio Romao Azərbaycanda öz mövqeyimdə çıxış edən ən güclü futbolçulardan bəlkə də birincisidir.

- "Araz-Naxçıvan"da özünüzü yaxşı tərəfdən göstərib, yenidən milli komandaya dəvət almağı gözləyirsiniz?
- Əlbəttə, ilk məqsədim budur. Məqsədlərim davam edir, yenidən əvvəlki performansımı göstərəcəyimə inanıram. Vaxtı çatanda bütün futbolçular kimi mən də karyeramı bitirəcəyəm ki, gənclərin yolu açılsın. Düşünürəm ki, hələ də Azərbaycana futbolçu kimi öz töhfəmi verə bilərəm.


metbuat.az.