METBUAT.AZ

Ölkə

Qəbələyə səfər edən xarici turistlərin sayı kəskin artıb

14 Oktyabr 2024 14:48

Cari ilin yanvar-sentyabr aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 81 min 231 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 30 min 437 nəfəri və ya 37,5 faizi Azərbaycan, 50 min 794 nəfəri və ya 62,5 faizi xarici ölkə vətəndaşı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-sentyabr aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 877 nəfər və ya 28,2 faiz artıb. Doqquz ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1186 nəfər və ya 4 faiz azalsa da, əcnəbi turistlərin sayında 16 min 691 nəfər və ya 48,9 faiz artım qeydə alınıb.

Cari ilin yanvar-sentyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları əvvəlki aylarda olduğu kimi, yenə də üstünlük təşkil ediblər. Belə ki, doqquz ayda bu ölkənin 21 min 313 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-sentyabr aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 10885, Birləşmiş Ərəb Əmirliklərindən 4919, Küveytdən 2621, Pakistandan 2128, Gürcüstandan 1125, Rusiyadan 775, Omandan 805, Qətərdən 731, İsraildən 602, Türkiyədən 240, Böyük Britaniyadan 211, ABŞ-dan 201, Bəhreyndən isə 188 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.

Doqquz ayda Qəbələ rayonu ərazisində yerləşən 19 mehmanxana və mehmanxana tipli müəssisədən 16-sı fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 42,1 manat təşkil edib. Turistlərin qonaqlama müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 975 işçi çalışıb.


metbuat.az.