22 Oktyabr 2024 20:18
“WhatsApp”ın yeni süni intellekt funksiyası məxfiliklə bağlı narahatlıqları artırıb.
Metbuat.az xəbər verir ki, yeni süni intellekt funksiyası söhbətlərdəki məlumatları yadda saxlamaqla istifadəçi təcrübəsini fərdiləşdirmək məqsədi daşıyır. Meta AI, mesajları yaddaşında saxlayaraq daha ağıllı cavablar təqdim edəcək. Lakin istifadəçilər süni intellektin mesajları oxumasını birmənalı qarşılamayıb. Məlumata görə, süni intellekt tərəfindən dəstəklənən "Söhbət Yaddaşı" adlanan funksiya, “WhatsApp” söhbətlərindəki məlumatları yadda saxlayacaq. Bildirilir ki, yeni funksiya istifadəçilərin əvvəlki söhbətlərini davamlı olaraq təkrar etmələrinin qarşısını almaq üçün hazırlanıb.
Bu sayədə istifadəçilər eyni məlumatı təkrar-təkrar təqdim etmədən daha axıcı və fərdiləşdirilmiş təcrübə əldə edə biləcəklər. Yeni funksiya hazırda Android-in beta versiyasında (2.24.22.9) sınaqdan keçirilir. “WhatsApp”ın yeni funksiyası vacib tarixləri və ya xatırlatmaları unudanlar üçün faydalı görünsə də, bir çox istifadəçi məxfiliklə bağlı narahatlıqlarını ifadə edib.