19 Noyabr 2024 16:47
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonra birgə komissiyanın iclasında Azərbaycan və İranın hərbi strukturları arasında hərbi sahədə əməkdaşlığın inkişafı, yeni fəaliyyət istiqamətləri və sahələrinin müəyyən edilməsi üzrə geniş müzakirələr aparılıb.
Görüşün yekununda razılıq əldə edilmiş əməkdaşlıq istiqamətləri üzrə maddələri özündə əks etdirən protokol imzalanıb.