6 Noyabr 2024 23:47
Respublikaçı namizəd Donald Trampın ikinci dəfə qələbəsini elan etməsindən sonra Nyu-York birjasında hərəkətlilik müşahidə edilib.
Metbuat.az xəbər verir ki, dollar və səhmlərin dəstəklədiyi birjalar yüksəlişə başlayıb. “Dow Jones” indeksi 1000 bənddən çox dəyər qazanaraq 3,07 faiz artımla 43519,92 punkta çatıb. “S&P 500” indeksi 2,06 faiz artaraq 5901,83 bənd, “Nasdaq” indeksi isə 2,26 faiz artaraq 18856,08 bənd olub. Hər üç indeks tarixin ən yüksək səviyyəsinə çatıb.
Seçki nəticələrinin qlobal bazarlara təsir etdiyini bildirən analitiklər yeni administrasiya dövründə investorların radikal siyasətə və iqtisadi dəyişikliklərə hazırlaşdıqlarını qeyd ediblər. Analitiklər, investorların Trampın prezidentlik dövründə vergi endirimləri və tariflərlə şirkətləri dəstəkləyəcəyinə, bunun da şirkət mənfəətini artıracağına inandıqlarını dilə gətiriblər.