8 Noyabr 2024 22:01
Moskvada dairəvi formada olan, “Bublik” adı ilə tanınan binanın görüntüləri sosial medialarda trend olub.
Metbuat.az həmin binalara olan marağı nəzərə alaraq tikililər barədə kiçik araşdırma edib.
“Bublik” binası 1970-ci ildə SSRİ-də mənzil böhranı dövrdə inşa edilən unikal tikilidir. Dairəvi formaya malik olan bina standart "xruşovkalar"dan fərqli olaraq, monotonluğu qıran memarlıq nümunəsidir.
Mənzil böhranının gətirdiyi yeni tərz
II Dünya Müharibəsindən sonra Şərqi Avropada kənddən şəhərə köç sürətləndi. Sovetlərin sənayeləşmə və kollektivləşmə siyasətləri səbəbindən kənd təsərrüfatı ilə məşğul əhalisi şəhərlərə köç etdi. Şəhərlərdəki əhali artımı mənzil çatışmazlığı ilə nəticələndi, nəticədə Sovet hökuməti məcburən geniş kollektiv mənzil binaları inşa etdi. Bu binalar “xruşovka” adlanan, sadə və aşağı büdcəli tikililər idi. Əvvəlcə müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş binalar sonradan daimi mənzil kimi qaldı. 5 mərtəbədən artıq olmayan "xruşovkalar"liftdən imtina edilərək daha ucuz başa gəlirdi.
Dairəvi arxitektura ilə fərqlənən kollektiv mənzil
Standart “xruşovka” binalarına alternativ olaraq 1972-ci ildə memar Yevgeni Stamo və mühəndis Aleksandr Markelov Moskvada yeni dairəvi yaşayış binası layihələndirdilər. Bu 155 metr diametrində olan bina, 26 girişə və 8 mərtəbədə 913 mənzilə malikdir. Birinci mərtəbədə mağazalar, aptek, uşaq klubu kimi xidmətlər mövcuddur. Mərkəzdəki həyət park və oyun meydançası kimi istifadə edilir. “Bublik” adlanan layihə standart binalardan baha başa gəlib və daha uzun müddətdə tikilib. Maliyyə baxımından uğursuz hesab olunsa da, sovet şəhər mənzərəsinə fərqli çalar qatdı.
Dairə - həm birlik, həm də çətinlik
Sovetlərin ənənəvi həyətyanı sahəsini xatırladan bu dairəvi formanın əsas məqsədi sakinlərin birlik ruhunu qorumaq idi. Ancaq mənzillərin perpendikulyar olmayan divarları, trapezoid forması mebel yerləşdirməyi və təmir işlərini çətinləşdirirdi. Bundan əlavə, mərkəzi boşluqda güclü külək axını və əks-səda problemi yaradırdı. Hərçənd, bu layihə unikal memarlıq nümunəsi olaraq hələ də Sovet memarlığında iz buraxıb və dairəvi forma bu gün də kollektiv mənzillərdə geniş istifadə olunur.