20 Noyabr 2024 23:47
Şimali Koreya Rusiyaya əlavə haubitsa və çoxsaylı reaktiv yaylım atəşi sistemləri göndərib.
Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti belə iddia irəli sürüb. Bildirilir ki, Rusiyaya göndərilən təxminən 11 min Şimali Koreya əsgəri artıq rus əsgərləri ilə birlikdə Ukrayna ordusu ilə döyüşməyə başlayıb. Açıqlamada, Şimali Koreya əsgərlərinin cəbhədə aktiv xidmətə başladığı qeyd edilib. Həmçinin, hərbi əməkdaşlıq çərçivəsində Şimali Koreya lideri Kim Çen Inın yenidən Rusiyaya səfər edə biləcəyi bildirilib.
Qeyd edək ki, xarici KİV-lərdə Şimali Koreyanın Rusiyaya 100 min əsgər göndərəcəyi irəli sürülüb. İddialara görə, bu əsgərlər Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyaya hissələr şəklində göndəriləcək. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya rəsmi səfəri çərçivəsində tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalanıb.