22 Noyabr 2024 17:44
Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb.
Metbuat.az xəbər verir ki, bəyanatda COP29 Sədrliyinin il ərzində inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdığı vurğulanıb.
“Biz səhər erkən saatlarına qədər geniş və əhatəli məsləhətləşmələr apardıq. Biz bütün qruplara dünən səhər yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək üçün şərait yaratdıq və onların konstruktiv iştirakına görə onlara minnətdarlığımızı bildiririk.
Məsləhətləşmələr zamanı səsləndirilən rəyləri və dünənki Qurultayda Tərəflərin fikirlərinin nəzərə alaraq, bu gün yenilənmiş mətnləri dərc etmişik.
Bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir. COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə təhlil etməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.
Həmçinin bildirilib ki, Tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb.
Bu qərar özündə, eyni zamanda, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək 250 milyard ABŞ dollarına çatdırılması məqsədini ehtiva edir.
“Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün Tərəflərlə birgə işləməyə davam edəcəyik.
Biz mümkün daha yüksək ambisiyalı nəticəni əldə etmək üçün inkluziv və şəffaf şəkildə işləməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.