26 Noyabr 2024 20:25
İsrailin təhlükəsizlik kabineti Livanda mümkün atəşkəsi müzakirə etmək üçün toplaşıb.
Metbuat.az xəbər verir ki, yerli media təhlükəsizlik kabinetinin baş nazir Benyamin Netanyahunun sədrliyi ilə Təl-Əvivdə iclas keçirdiyini yazıb. Bildirilib ki, iclas zamanı kabinet üzvləri ABŞ-ın Livanda atəşkəsin əldə olunması üçün təklif etdiyi qanun layihəsini müzakirə edəcək. Sənəd səsə qoyulacaq. Qeyd olunub ki, bəzi ifrat sağçı nazirlərin etirazlarına baxmayaraq, atəşkəs haqqında qanun layihəsi iclasda qəbul edilə bilər.
Qeyd edək ki, "Kanal 12" televiziyasının Netanyahuya yaxın məmura istinadən xəbərinə görə, İrail ordusu baş nazir Benyamin Netanyahuya “Hizbullah”la atəşkəsə nail olmaq üçün doğru zaman olduğunu deyib. Xəbərdə deyilir ki, Livan sərhədi boyunca “Hizbullah”ın infrastrukturu məhv edildiyi və “Hizbullah” geri çəkilməyə məcbur edildiyi üçün onların İsrailin şimalına hücum ehtimalı aradan qaldırılıb.