28 Noyabr 2024 21:29
"Mercedes-Benz"in hazırladığı yeni "günəş boyası" sayəsində elektrikli avtomobillərin şarj problemi geridə qala bilər. Bu texnologiya avtomobillərin günəş enerjisi ilə təmin edilməsində inqilab edə bilər.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət yeni "günəş modulları" texnologiyası sayəsində avtomobillərin enerji ehtiyacını tamamilə günəş işığı ilə təmin etməyə yaxın olduğunu bildirib.
Alman avtomobil markasına görə, 5 mikron qalınlığında olan günəş modulları insan saçından nazikdir, hər kvadrat metrə cəmi 50 qram ağırlığa malikdir. Texnologiya avtomobil gövdəsinə incə təbəqə kimi tətbiq edilərək daha geniş səthlərin enerji istehsal etməsinə imkan verir.
"Mercedes-Benz" mühəndisləri hesab edir ki, bu texnologiya ilə EQS kimi orta ölçülü SUV modeli günəşli ölkələrdə ildə 12 min 500 kilometrə qədər enerji ilə təmin oluna bilər. Bu, xüsusən Los-Anceles kimi şəhərlərdə günəş işığından maksimum istifadə etməyə şərait yaradır.
Nanohissəcik bazalı yeni boyama texnologiyası günəş enerjisinin 94 faizini modullara ötürərək avtomobillərin üzərində çıxıntılı günəş panellərinin olmasını aradan qaldırır. Nəticədə, avtomobillər həm estetik, həm də funksional baxımdan üstünlük əldə edir.
Mercedes-Benz bildirir ki, texnologiyanın kommersiya istifadəsinə keçməsi üçün hələ bir qədər vaxt lazımdır. Amma bu yenilik, hətta az günəş işığı alan bölgələrdə belə, avtomobillərin gündəlik enerji ehtiyacının böyük hissəsini günəş enerjisi ilə qarşılamağa imkan verəcək.
Xatırladaq ki, "Mercedes-Benz" əvvəllər də avtomobillərini günəş panelləri ilə gücləndirməyə çalışıb. Şirkətin rekord qıran EQXX konsepti uzun məsafə rekordu cəhdlərindən birində damında kiçik günəş paneli ilə əlavə təxminən 30 km məsafə qət etmişdi.