26 Noyabr 2024 12:27
Elmi dərəcələrə görə verilən vəsait artırılmalıdır. Sonuncu dəfə bu məsələyə bir neçə il öncə baxılıb. Hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, nazirliyin verdiyi məlumata əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq.
“Əgər belə plan varsa sürətləndirilməsini, yoxsa vəsaitin az da olsa artırılmasını təklif edirəm”.
C.Məmmədov universitetlərdə müəllimlərin maaşlarına baxılmasını, universitetlərin tədqiqatyönlü fəaliyyətinin, maddi-texnik bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını da təklif edib.
"Ümumilikdə, universitetlərin maliyyələşmə sisteminə yenidən baxılmalıdır. Yeni məktəbəqədər və orta təhsil müəssisələrinin inşası vacibdir. Əksər ərazilərdə ciddi sıxlıq var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq".