17 Noyabr 2024 15:41
Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Metbuat.az xəbər verir ki, iclasda Komissiyanın sədri, müavini və katibi seçilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında yeni tərkibin ilk iclası keçirilib. Asim Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib və Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Çingiz Həsənli qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də Ali Məclisə seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi və vətəndaşların seçki hüquqlarının qorunması üçün lazımi addımları atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək.
Sonra Ramil Orucəliyev Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Orxan Bağırov isə Mərkəzi Seçki Komissiyasının katibi seçilib.