METBUAT.AZ

Dünya

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə -

12 Noyabr 2024 21:34

Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məktəblərə qəbulu qadağan edilə bilər. Müvafiq qanun layihəsi parlamentin Aşağı Palatasının müzakirəsinə təqdim ediləcək.

Metbuat.az-ın Oxu.az-a istinadla məlumatına görə, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin xəbər verib.

Onun sözlərinə görə, məsələ, həmçinin, Dövlət Dumasının 20 noyabrda plenar iclasda müzakirə etməyi planlaşdırdığı qərar layihəsində əks olunacaq.

"Miqrantların uşaqlarının məktəblərə qəbulu zamanı onların Rusiya ərazisində qalmasının qanuniliyinin yoxlanılmasını, rus dili üzrə məcburi testlərdən keçməsini, həmçinin rus dilini bilməsinin təsdiqi olmadan ümumtəhsil müəssisələrinə qəbulunun qadağan edilməsini təklif edirik. Bu baxımdan, müvafiq mövzu üzrə qanun layihəsi təqdim ediləcək", - deyə Volodin qeyd edib.

Dövlət Dumasının sədri əmək miqrasiyası, həmçinin miqrantlarla gələn ailələr üzrə təkliflərin hazırlanacağını vurğulayıb.

"Bunlar qərar çərçivəsində hökumətə göndəriləcək. Aidiyyəti hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində kompleks həllər işləyib-hazırlamağı təklif edəcəyik", - deyə Dövlət Dumasının spikeri əlavə edib.


metbuat.az.