27 Noyabr 2024 23:05
"Samsung" şirkəti yeni reklam çarxında "Apple"ı sərt tənqid edib.
Metbuat.az xəbər verir ki, bu dəfə reklamın hədəfində qatlanan telefon texnologiyasının "Apple"da hələ də mövcud olmamasıdır.
Cənubi Koreya istehsalçısı "Galaxy Z Fold 6" və "Galaxy Z Flip 6" modelləri ilə rəqabət apara biləcək qatlanan i"Phone"un olmamasını diqqətə çatdırıb. Bununla yanaşı, reklam rolikində yeni "iPhone" modellərinin nəzərəçarpacaq yeniliklər gətirmədiyini vurğulanıb. Kadrlarda "Apple" istifadəçiləri mağazanın qarşısında sıraya düzülmüş şəkildə təsvir olunub.
Reklamda "Samsung" "Fərqli düşün... amma çox da fərqli deyil" ifadəsi ilə "Apple"ın məşhur "Fərqli düşün" şüarına sataşıb. Çarxın bir hissəsində yeni "iPhone" sahibi "Yeni nə var?" sualını verir. Cavab olaraq növbədəki başqa bir müştəri "Kimin vecinədir?" deyə cavablayır.
Reklamda "Galaxy Z Fold 6"nın bir neçə tətbiqi eyni anda açmaq üçün, "Galaxy Z Flip 6"nın isə canlı tərcümə funksiyası üçün istifadə olunduğu göstərilir. "Samsung" bununla öz cihazlarının "Apple"ın təqdim etdiyi məhsullardan daha innovativ olduğunu vurğulamaq istəyib.
Həmin videonu təqdim edirik: