15 Noyabr 2024 15:25
Noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.
Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.