METBUAT.AZ

Siyasət

2024-cü il Azərbaycanın iqtisadi və siyasi həyatında necə yadda qaldı? -

22 Dekabr 2024 17:35

2024-cü il Azərbaycan üçün həm siyasi, həm də iqtisadi sahələrdə mühüm dönüş nöqtəsi oldu. Fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Bu mühüm seçkilər xalqın Ali Baş Komandan İlham Əliyevin siyasətinə olan dərin etimadını və dəstəyini bir daha təsdiq edərək Azərbaycanın demokratik inkişaf yolunda əhəmiyyətli bir mərhələ oldu.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi. Bu çərçivədə ətraf mühitin qorunması və yaşıl inkişaf istiqamətində bir sıra tədbirlər həyata keçirildi. 2024-cü ilin 11-22 noyabr tarixlərində Bakıda COP29 - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı keçirildi. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi və yeni maliyyə mexanizmlərinin yaradılması baxımından əhəmiyyətli idi.

2024-cü il həmçinin Qarabağ bölgəsində reinteqrasiya proseslərinin sürətləndirilməsi və Böyük Qayıdışın həyata keçirilməsi ilə də yadda qaldı. Bu il ərzində görülən işlər Azərbaycanın siyasi və iqtisadi gücünün artmasına, regionda sülh və sabitliyin təmin edilməsinə xidmət etdi.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a a verdiyi açıqlamada bildirib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Azərbaycan bir sıra mühüm siyasi məsələlərdə gələcəyə yaşıl işıq yandırdı:

Qondarma “Dağlıq Qarabağ respublikası" ləğv edilərək Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu. Fevralın yeddisi növbədənkənar prezident seçkiləri baş tutdu. Bu Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk prezident seçkiləri idi. Ali Baş komandan, Prezident İlham Əliyev 92 % səs çoxluğu ilə qalib gəldi. O, Zəfər seçkisinin qalibi oldu. Digər mühüm məsələlərdən biri Rusiya sülhməramlılarının Dağlıq Qarabağı tərk etməsi idi. Bu Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən önəmli məsələlərdən biri idi.

Azərbaycan balanslı xarici siyasət yürüdərək dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar qurdu. O cümlədən ölkəmiz BRİKS iqtisadi blokuna daxil olmaq üçün rəsmi müraciət etdi. 1 sentyabr tarixində ərazi bütövlüyü tamamilə bərpa olunmuş Azərbaycanda ilk dəfə olaraq parlament seçkiləri baş tutdu”.

Arzu Nağıyev xüsusilə vurğulayıb ki, Azərbaycan dayanıqlı inkişaf və inteqrasiyanı xarici siyasətində prioritet olaraq müəyyənləşdirib və eyni zamanda Formula 1 və COP29 kimi mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.

“Noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Konfransı (COP29) yüksək səviyyədə keçirildi. Tədbirdə 196 ölkədən 72 mindən çox iştirakçı və 80 rəhbər vəzifəli şəxs iştirak etdi. Həm təşkilatçılıq, həm təhlükəsizlik, həm də əldə edilən nəticələr baxımından Azərbaycan beynəlxalq arenada mühüm aktor olduğunu bir daha təsdiqlədi.

Eyni zamanda, Azərbaycan səkkiz inkişaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv oldu və Qahirədə keçirilən təşkilatın 11-ci sammitində fəal iştirak etdi”.

Arzu Nağıyev bildirib ki, 2024-cü il ərzində Qarabağda quruculuq işləri tam sürətlə davam etdi. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması ilə bölgədə yeni həyat canlandı. Artıq onlar yeni ili öz ata-baba ocaqlarında qeyd edəcəklər, bu da ölkəmizin dayanıqlı inkişaf və sosial ədalət prinsiplərinə sadiqliyini bir daha göstərir.

“2024-cü ildə iqtisadi, sosial və hərbi sahələr Prezident İlham Əliyevin daxili siyasətində xüsusi diqqət mərkəzində oldu. Xüsusilə hərbi və müdafiə sahəsində qanunvericilikdə bir sıra əhəmiyyətli qanun layihələri qəbul edildi. Minatəmizləmə fəaliyyətini tənzimləyən qanun layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Hərbi Xidmətkeçmə ilə bağlı qanunlarda mühüm dəyişikliklər edildi ki, bu da ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

Azərbaycan bu il də NATO təcrübəsi olan qardaş Türkiyə ilə hərbi təlimləri uğurla davam etdirdi. Bu təlimlər ordumuzun gücünü artırmaqla yanaşı, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdi.

Eyni zamanda, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində mühüm toplantılar və fikir mübadilələri aparıldı. 2024-cü il bu konsepsiyanın reallaşdırılması istiqamətində önəmli addımların atıldığı bir il kimi yadda qaldı. Bu tədbirlər Azərbaycan xalqının tarixi ədalətini bərpa etmək əzmini bir daha ortaya qoydu”, - deyə Arzu Nağıyev qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı və "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə Metbuat.az-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanın əldə etdiyi uğurlar sırasında Qarabağın azad olunması və ərazi bütövlüyümüzün təmin olunması xüsusi əhəmiyyət daşıyır. Millət vəklinin sözlərinə görə, bu, son illərin ən böyük nailiyyətidir:

"İlk dəfə olaraq, müstəqillik dövründə Azərbaycanın tarixində həm parlament, həm də prezident seçkiləri Bütöv Azərbaycan ərazisində keçirilib. Bu, suverenliyimizin, ərazi bütövlüyümüzün və müstəqilliyimizin möhkəmlənməsinə yönəlmiş mühüm addımdır. Azərbaycan ilk dəfə olaraq bütöv və suveren bir ölkədir. Bu, bizim üçün böyük uğurdur.

'Digər tərəfdən, Qarabağın bərpası sürətlə davam edir, yeni şəhərlər və kəndlər tikilir. 2024-cü ildə diplomatik sahədə də böyük nailiyyətlər əldə olunub. Məsələn, COP29 - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının keçirilməsi buna bariz nümunədir. Tədbirdə 190 ölkədən 74 min iştirakçı, rəsmi nümayəndə heyəti, o cümlədən 80 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Bu, Azərbaycanın diplomatik sahədə böyük uğurudur”.

Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması barədə düşüncələrini bölüşən Fariz İsmayılzadə qeyd edib ki, müxtəlif beynəlxalq platformalarda milli maraqlarımıza cavab verən qətnamə və qərarların qəbul olunması da diqqətəlayiqdir:

“Regionda dəhliz layihələrinin güclənməsi və qeyri-neft sektorunun inkişafı, xüsusilə yaşıl energetika layihələri iqtisadi artıma yönəlmiş mühüm addımlar kimi qeyd edilməlidir. Bütün bu nailiyyətlər Azərbaycanın güclənməsinə zəmin yaradır və növbəti illərdə yeni çağırışlara qarşı dayanmaq üçün bizə imkanlar təqdim edir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanmışdır.


metbuat.az.