17 Dekabr 2024 23:56
Son günlər ABŞ-də naməlum dronların görünməsi geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı ölkənin təhlükəsizlik qurumları birgə bəyanat yayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi (Pentaqon), Federal Təhqiqat Bürosu (FTB) və Federal Aviasiya Administrasiyası (FAA) birgə bəyanat yayıb.
Bəyanatda FTB-yə son həftələrdə 5 mindən çox naməlum dron müşahidəsi ilə bağlı müraciət daxil olduğu bildirilib. Araşdırmalar nəticəsində bu müraciətlərin böyük əksəriyyətinin qanuni kommersiya, hobbi məqsədli və hüquq-mühafizə orqanlarına aid dronlarla bağlı olduğu müəyyən edilib.
Həmçinin bəzi müşahidələrin insanlı hava vasitələri, helikopterlər və yanlışlıqla dron hesab edilən ulduzlarla əlaqədar olduğu vurğulanıb. Bəyanatda "dron hadisələrində anormal heç nə aşkarlanmayıb" deyə qeyd olunub və onların milli təhlükəsizliyə və ya ictimai asayişə risk yaratmadığı bildirilib.
Qeyd edilib ki, dronların artan istifadəsi ilə əlaqədar federal qurumlar ştat və yerli hakimiyyət orqanlarına İnsansız Hava Vasitələrinin (İHA) aşkarlanması üçün daha təkmil texnologiyalar və hüquq-mühafizə orqanlarına dəstək verməyə davam edəcək.
Bundan başqa, Konqresə müraciət edilərək hüquq-mühafizə orqanlarının İHA təhdidlərinə qarşı səlahiyyətlərinin genişləndirilməsi tələb olunub. Açıqlamada ABŞ-də hazırda 1 milyondan çox FAA-ya qeydiyyatdan keçmiş dron olduğu və bu sayın daha da artmasının gözlənildiyi bildirilib.
Xatırladaq ki, ilk dəfə 18 noyabrda Nyu-Cersi ştatının Morris və Somerset bölgələrində müşahidə olunan "naməlum dronlar" Nyu-York və ətraf ərazilərdə də görünüb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülər ictimaiyyətdə narahatlıq yaradıb. Şahidlər həmin naməlum hava vasitələrinin velosiped və ya kiçik avtomobil ölçüsündə olduğunu bildiriblər. ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Nyu-Cersidəki qolf sahəsi üzərində də dronların göründüyü iddia olunub və təhlükəsizlik məqsədilə bölgədə uçuş məhdudiyyəti tətbiq edilib.
Buna baxmayaraq, Ağ Ev həmin dronların hər hansı təhlükə yaratdığına dair sübut olmadığını açıqlayıb. Pentaqon sözçü müavini Sabrina Sink isə həmin dronların İran gəmilərindən havalandığı iddialarını təkzib edərək, "Bu iddiaların heç bir əsası yoxdur" deyib. Ölkənin yeni seçilmiş prezidenti Donald Tramp isə sosial şəbəkə hesabında yazdığı açıqlamada "Ölkənin hər yerində naməlum dron görüntüləri var. Bu, doğrudanmı hökumətin xəbəri olmadan baş verir? İnanmıram! Hər şeyi dərhal açıqlayın və ya onları vurun" deyə bildirib.