16 Dekabr 2024 14:44
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib.
Report xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Dekabrın 16-da təsdiqlənən sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını daha da məhdudlaşdırmaq məqsədi daşıyır.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu qərar Aİ dövlətlərinin Ukraynaya olan davamlı dəstəyinin göstəricisidir:
“Bizim bilavasitə prioritetimiz Ukraynanı mümkün olan ən güclü mövqeyə çatdırmaqdır. Humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi - bir sözlə, bütün cəbhələrdə Ukrayna xalqının yanında olacağıq. Ukraynanın qalib gələcəyinə şübhə ola bilməz”.
Qeyd edək ki, sanksiyalar Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 54 şəxsə və 30 quruma şamil olunub.