2 Dekabr 2024 17:38
“Matç çox maraqlı keçdi. Hər şeydən öncə azarkeş dəstəyi güclü idi. Hiss olunurdu ki, “Neftçi” oyuna yaxşı köklənmişdi. Komandanın qələbə qazanmaq istəyi aydın görünürdü. Buna baxmayaraq, yenə doğma meydanda sevinə bilmədilər”.
Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Arif Əsədov Misli Premyer Liqasının XV turunda “Qarabağ”ın səfərdə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.
Mütəxəssis Ağdam təmsilçisinin ikinci hissədə vurduğu ilk qolun görüşün taleyini həll etdiyini söyləyib: “Qarabağ”ın 53-cü dəqiqədə vurduğu ikinci qola kimi bərabər səviyyədə oyun gedirdi. Amma Qurban Qurbanovun komandası hesabda 2 top fərqi ilə önə keçəndən sonra “Neftçi” sanki ruhdan düşdü. Qələbə şanslarının az olduğunu hiss etdilər. Məhz bu qoldan sonra onların çıxışında eniş yaşandı. Hazırda “Qarabağ”ın əlində iki heyət var. Elə buna görə də rotasiyalar edə bilirlər. “Qarabağ”ın gücünə hamı bələddir. Fikrimcə, hazırda Premyer Liqada heç bir klub ağdamlılarla mübarizə apara biləcək səviyyədə deyil”.
O, Samir Abasovun “Neftçi”yə gəlişindən sonra komanda daxilində ab-havanın dəyişdiyini bildirib: “Amma oyun və heyət baxımından hələ də axtarışdadırlar. “Ağ-qaralar”da yaxşı heyət qurmaq və oyun fəlsəfəsini yeritməkdə qeyri-stabillik sezilir. Təbii ki, bu da aydın məsələdir. Hər yeni məşqçiyə komandanı istədiyi cür formalaşdırmaq üçün müəyyən qədər vaxt lazımdır. Düşünürəm ki, qış fasiləsindən sonra “Neftçi”dəki dəyişiklik haqqında danışmaq olar. Çünki Abasov bu ərəfədə komandanı istədiyi kimi qura, həm oyunu, həm də heyəti gücləndirə bilər”.
Qeyd edək ki, “Neftçi” üzərində qələbədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyə yüksəlib. Bakı klubu isə 13 xalla 8-ci sırada qalıb.