METBUAT.AZ

Gündəm

Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanladı -

11 Dekabr 2024 11:42

Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb.

Metbuat.az xəbər verir ki, mətbubda BTQ-nin icraçı direktoru Abbas Abbasov Müqəddəs Papa Fransisk Apostolikə Korsikanın dekolonizasiyası prosesinə dəstək üçün müraciət edib.

Abbas Abbasovun məktubunda deyilir:

"Zati-müqəddəsləri,

Sizin sülh, ədalət və bütün xalqların ləyaqətinə daima göstərdiyiniz sarsılmaz dəstəyinizi yüksək qiymətləndirərək, dərin minnətdarlıq hissi ilə bu məktubu Sizə ünvanlamaqdan qurur duyuram.

Mən, 2023-cü ilin iyul ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısı çərçivəsində təsis edilmiş beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru kimi sizə bu məktubu yazmaq şərəfinə nail olmuşam. Qeyd etmək istərdim ki, təşkilatın əsas məqsədi dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır.

Təsisçilər tərəfindən QH-nin nizamnaməsində qeyd edilir: “Xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir və tez bir zamanda aradan qaldırılmalı olan bir şərdir."

BTQ, hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkə və ərazilərdən olan müstəqillik tərəfdarlarının siyasi partiya və hərəkatlarından nümayəndələri bir araya gətirən beynəlxalq platformadır. Lakin bəşər tarixinə damğasını vurmuş saysız-hesabsız fəlakətlər arasında müstəmləkəçiliyin XXI əsrdə də dini, etnik, coğrafi və mədəni sərhədləri aşaraq davam etdiyini müşahidə etmək dərin məyusluq doğurur.

BTQ-nin Qoşulmama Hərəkatı çərçivəsində yaradılması təsadüfi hadisə deyil. Əksinə, bu, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda QH "Troyka"sının üzvü olaraq Azərbaycanın fəal iştirak və töhfəsinin məntiqi davamıdır.

Beynəlxalq hüquqa əsaslanan fəaliyyəti nəticəsində BTQ, BMT qərargahları daxil olmaqla dünyanın müxtəlif ölkələrində təxminən 20-ə yaxın beynəlxalq konfrans təşkil etmişdir.

Noyabrın 11-dən 22-dək Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BTQ xüsusilə öz aktivliyi ilə seçilmişdir. Müasir dünyada müstəmləkəçilik və neo-müstəmləkəçilik təcrübələrini qınayan təxminən 10 tədbir təşkil edilmişdir. Tədbirlərdə Korsika, Kanaki (Yeni Kaledoniya), Martinik, Fransız Qvianası, Qvadelup, Boneyr, Sent-Martin və Mayotdan olan nümayəndələrin iştirakı böyük töhfə vermişdir.

Sizin dekolonizasiya prosesinə göstərdiyiniz diqqət beynəlxalq ictimaiyyətə məlumdur. 30-31 mart tarixlərində Vatikan şəhərində keçirilmiş “Müstəmləkəçilik, Dekolonizasiya və Yeni-Müstəmləkəçilik: Sosial Ədalət və Ümumi Rifah Perspektivi” adlı forumda söylədiyiniz sözlər çox təsirli idi: “Xalqların güc vasitəsilə və ya mədəni və siyasi nüfuzla əsarət altına alınması və istismarı cinayətdir.”

Zati-müqəddəsləri,

Dekabrın 15-də Korsikaya planlaşdırdığınız səfəriniz barədə bu yaxınlarda xəbər tutdum. Kardinal Fransua-Xavier Bustillonun dediyi kimi "Korsika katolik dini ənənəsini qoruyub saxlamış bir torpaqdır," və bu xalq müasir idarəetmə dinamikaları qarşısında öz unikal kimliyini, mədəniyyətini və dəyərlərini qorumaq üçün uzun müddətdir mübarizə aparmaqda davam edir.

Korsikanın tarixi onun dilində, adət-ənənələrində və fərqli irsində təcəssüm olunan mədəni zənginliklərlə doludur. Lakin xarici hökmranlıq çox vaxt xalqın öz milli kimliyini və suverenliyini qoruyub saxlamaq səylərinə maneə törədir. Bu yaxınlarda Korsika xalqı hətta Korsika Assambleyasına adanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb edən müraciət də təqdim etmişdir. Bundan başqa, 19 noyabr 2024-cü ildə Marsel İnzibati Apelyasiya Məhkəməsinin qadağa qərarından sonra Korsika yenidən öz dilində danışmaq hüququndan məhrum edilmişdir.

Dekolonizasiya təkcə siyasi proses deyil, bu, bütün xalqlar üçün Allahın bəxş etdiyi ədalətin bərpasına doğru əxlaqi və mənəvi bir yoldur.

Adaya səfəriniz zamanı Korsikadakı vəziyyəti nəzərə almanızı xahiş edirəm. İnanıram ki, sizin varlığınız təkcə Korsika xalqına deyil, həm də müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara ümid işığı olacaqdır.

Kilsəyə rəhbərlik etdiyiniz bu çətin dövrlərdə Allahın hikməti və lütfü sizinlə olsun".


metbuat.az.