METBUAT.AZ

Siyasət

Əqli Mülkiyyət Agentliyi və ÜƏMT-in birgə təşkilatçılığı ilə regional seminar keçirilir -

2 Dekabr 2024 16:51

2024-cü il 2 dekabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə keçirilən “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar öz işinə başlayıb.

Metbuat.az xəbər verir ki, tədbirin əvvəlində media nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və ÜƏMT-nın department direktorunun müavini Dimiter Qançev seminarın əhəmiyyəti və müzakirə olunacaq mövzu barədə ətraflı məlumat veriblər.

Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.

Beynəlxalq tədbirə ölkəmizin nazirliklərinin, komitələrinin və dövlət agentliklərinin səlahiyyətli nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşları qatılıblar.

Regional seminarı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbir iştirakçılarını salamlayıb, iki gün davam edəcək tədbirdə ÜƏMT-nın peşəkar mütəxəssislərinin kreativ iqtisadiyyatın müxtəlif istiqamətlərinə dair maraqlı məruzələrinin dinləniləcəyini, əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə fikir mübadiləsi aparılacağını, seminar iştirakçılarının bu sahədə Azərbaycanın təcrübəsi barədə dolğun məlumat əldə edə biləcəyini bildirib.

K.İmanov ÜƏMT-nin yeni hazırlanan Kreativ İqtisadiyyatın Data Modelinin (CEDM) empirik dataların toplanmasında kreativ iqtisadiyyatın dəyərlənməsində çoxşahəli ölçü aləti rolunu oynadığını və geniş faktorların nəzərə almasına imkan yaratdığını qeyd edib. Burada kreativ (yaradıcı) məhsul istehsalatı olan təsisatlar (yəni hüquqi və institusional mühit, şəbəkə strukturları və sosial dəyərlər), kreativ istehsalını tələb edən resurslar (yəni biliklər, istedad, maliyyə və s.) kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə ƏM-in rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir. O, bir mütəxəssis kimi bu yanaşmanın vizuallaşmasını, açıqlanmasını dəstəkləyərək onun köklərinin əqli mülkiyyətin yenidən dərk edilməsindən irəli gəldiyini, daha sistemli yanaşmanın təzahürü olduğunu qeyd edib, əqli mülkiyyət fenomeninin hüquqi, iqtisadi və sosio-mədəni aspektlərinin birgə təhlilinin tərəfdarı olduğunu bildirib.

K.İmanov Azərbaycanın əqli mülkiyyət sistemi barədə də ətraflı məlumat verib. Vurğulanıb ki, patent sahəsində ixtiraçıların və sahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə sənaye mülkiyyəti obyektlərininqeydiyyatı üçün iddia sənədlərinin qəbulu Əqli Mülkiyyət Agentliyində yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. PƏNAH rəqəmli sistemi 24/7 rejimində fəaliyyət göstərir və qeydiyyatın istənilən yerdən və istənilən vaxt təşkilidir.

Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması sahəsində növbəti addım olaraq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “Açıq reyestrlər” yaradılmışdır. Hər kəs “açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədən patent almaq istəyən və ya əmtəə nişanını qeydiyyatdan keçirmək istəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldə edə bilər. Yeni infrastruktur layihələri sırasında yaradılmış “Çağrı Mərkəzi”nə orta hesabla il ərzində 24 mindən çox müraciət daxil olur.

Tədbirin açılış hissəsində çıxış edən ÜƏMT-nın department direktorunun müavini Dimiter Qançev 20 ildən çox müddətdir ki, təmsil etdiyi təşkilatın yaradıcılıq məhsullarının dəyərinin verilməsi üçün model işləyib hazırladığını bildirib. O, bu modeli tətbiq edən ilk ölkələr sırasına Azərbaycanın da daxil olduğunu vurğulayıb. Artıq yeni model hazırlanıb və bu model kreativ sənayeni dəstəkləyən ekosistemi ölçür. Bu modelin Azərbaycanda da tətbiq ediləcəyini söyləyən D.Qançev son illər Azərbaycanla çox gözəl əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, millət vəkili Hikmət Babaoğlu, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev regional seminarın mövzusunun aktuallığını qeyd ediblər, tədbirin işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, iki gün davam edəcək regional seminarda ÜƏMT-nın mütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktual məsələlərinə dair təqdimatlar ediləcək, mövzu ətrafında müzakirələr təşkil olunacaq.


metbuat.az.