METBUAT.AZ

Dünya

​Gürcüstanın yeni prezidenti kimdir?

14 Dekabr 2024 16:55

Bu gün, dekabrın 14-də hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının namizədi Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.

Metbuat.az Oxu.az-a istinadən yeni seçilmiş prezidentin tərcümeyi-halını oxuculara təqdim edir:

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub.

Uşaqlıqdan futbolla məşğul olub. Peşəkar futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb.

1988-1995-ci illərdə "Dinamo" (Tbilisi) futbol klubunda çıxış edib və komandanın tərkibində bir neçə dəfə Gürcüstan çempionu olub.

O, Gürcüstan millisində çıxış edib (1991-2002), 45-ə yaxın oyun keçirib.


1995-ci ildə Rusiyanın "Spartak-Alaniya" (Vladiqafqaz, Şimali Osetiya) futbol klubuna keçib, bu klubun tərkibində Rusiya çempionu olub.

1996-1997-ci illərdə İngiltərənin "Mançester Siti" klubunda çıxış edib. 1997-ci ildə "Mançester Siti" Mixail Kavelaşvilini İsveçrənin "Qrasshopper" klubuna icarəyə verib və o, bu klubun heyətində 1997/1998 mövsümündə İsveçrə çempionu olub.

1999-2004-cü illərdə o, "Sürix" və "Lütsern" də daxil olmaqla bir neçə İsveçrə klubunda çıxış edib.

2004-cü ildə yenidən icarə əsasında Vladiqafqazın "Alaniya" klubunda çıxış edib.

2005-2006-cı illərdə İsveçrənin "Bazel" futbol klubunun uğurları üçün çalışıb, bundan sonra peşəkar futbolçu karyerasını başa vurub. Sonra məşqçi olmaq üçün xüsusi kurslara qatılara C, ardınca B kateqoriyasına yiyələnib.


2009-cu ildə Gürcüstanda Beynəlxalq Peşəkar Futbolçular Federasiyasını təsis edib, hazırda federasiyanın fəxri prezidentidir.

2016-cı ildən hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından Gürcüstan parlamentinin üzvüdür. 2016-2020-ci illərdə ölkənin İdman və Gənclər Komitəsinə rəhbərlik edib.

O, 2022-ci ilin iyununda "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını və parlament fraksiyasını tərk edib.

2022-ci ilin avqustunda Mixail Kavelaşvili parlamentdə çoxluq təşkil edən, daha sonra isə siyasi qüvvəyə çevrilən "Xalqın Gücü" təşkilatının yaradıcılarından birinə çevrilir. Qrup üzvləri Gürcüstanın Avropa və NATO-ya inteqrasiya kursunu ümumi dəstəkləmələrinə baxmayaraq, dəfələrlə kəskin anti-Qərb bəyanatları, o cümlədən Qərbin Gürcüstana ənənəvi dəyərlərdən kənar ideyalar tətbiq etmək cəhdlərinə qarşı çıxış ediblər.

2023-cü ilin yazında "Xalqın Gücü" xarici agentlərlə bağlı səs-küylü qanun layihəsinin təşəbbüskarı olub.


2024-cü ilin martında "Xalq Gücü" partiya kimi qeydə alınıb. Onun siyasi katibi vəzifəsini Mixail Kavelaşvili icra edib. 2024-cü il oktyabrın 26-da "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının siyahısı ilə Gürcüstan parlamentinin deputatı seçilib.

2024-cü il noyabrında "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası dekabrın 14-nə təyin edilmiş Gürcüstanda keçiriləcək prezident seçkisində Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. O, ölkə prezidenti postuna yeganə namizəd olub.


metbuat.az.