11 Dekabr 2024 21:25
UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Fənərbaxça" "Atletik Bilbao" klubunu qəbul edib.
Metbuat.az xəbər verir ki, oyun qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb. Vilyams 5 və 45-ci dəqiqələrdə fərqlənib. Mert Müldür 69-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu məğlubiyyətdən sonra "Fənərbaxça" 36 klubun iştirak etdiyi Liqa mərhələsində 8 xalla 15-ci yerdə qərarlaşıb. Liqaya 16 xalla "Atletik Bilbao" liderlik edir.
Qeyd edək ki, KİV-lər bu oyundan əvvəl diqqətçəkən iddia irəli sürmüşdü. Bildirilir ki, prezident Ali Koç klubun uğursuz oyunundan narazıdır və Mourinyonun istefaya göndərilməsini nəzərdən keçirir. Ölkə çempionatında lider "Qalatasaray"dan 6 xal geri düşən “Fənərbaxça"nın böyük matçlarda qalib gələ bilməməsi diqqət çəkib. Portuqaliyalı çalışdırıcının liqanın ilk 5-liyindəki komandaları məğlub edə bilməməsi tənqid mövzusu olub. “Diario AS”da yer alan xəbərdə bildirilmişdi ki, "Fənərbaxça" UEFA Avropa Liqasında "Atletik Bilbao"nu məğlub edə bilməsə, rəhbərlik Joze Mourinyonu qova bilər.