METBUAT.AZ

Siyasət

Paşinyanın bu fikirləri əsassızdır -

20 Dekabr 2024 10:09

Qərbi Azərbaycan İcması (QAİ) Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edib.

Metbuat.az xəbər verir ki, bu barədə QAİ-nin yaydığı bəyanatda bildirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” mətbuat orqanına 2024-cü il dekabrın 19-da verdiyi müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və Qərbi Azərbaycan məsələsinə dair bir sıra zərərli və həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

İcma N.Paşinyanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışmasının əsassız olduğunu bildirib:

"Əvvəla qeyd edək ki, Baş nazirin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı və Ermənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmiş İrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən bir termindir".

QAİ bəyanatda qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışdığını qeyd edib:

"Bu baxımdan, İcmanın Ermənistan hökumətinə rəsmi şəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeyd edilməlidir. Ermənistan hökuməti tərəfindən etnik təmizləmə, ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruz qalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüs etməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir. Ermənistanın İcmanın dialoq təklifini cavabsız qoyması isə təəssüf doğurur".

Bəyanatda qeyd olunub ki, N.Paşinyan apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyə çalışır.

"N.Paşinyana xatırlatmaq istərdik ki, revanşist və radikal ideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlə davranmağı bacarmır. Bu və Ermənistanın aqressiv keçmişi nəzərə alınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz".

İcma Baş nazirin sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını bildirib:

"N.Paşinyanın Ermənistan Konstitusiyasında əks olunmuş ərazi iddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimi guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının yer almasını bildirməsi onun sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir".


metbuat.az.