26 Dekabr 2024 11:45
Pep Qvardiolanın “Real Madrid”in baş məşqçisi ola biləcəyi ilə bağlı iddialar səsləndirilib.
Metbuat.az xəbər verir ki, iddialarla bağlı "Liverpul"un və "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Didi Hamann danışıb. O bildirib ki, Qvardiola "Siti"ni tərk edərsə, milli komandada işləyə bilər. O həmçinin Qvardiolanın "Barselona" ilə keçmiş əlaqələrinə baxmayaraq, “Real Madrid”ə rəhbərlik edə biləcəyini irəli sürüb. Hamann, "Pep klub futbolunda hər şeyi qazandı, amma idarə etmədiyi yeganə klub “Real Madrid”dir və bu, hər məşqçinin xəyalıdır. Amma o, "Barselona"nın adamıdır və onun bunu istədiyinə əmin deyiləm” - deyə bildirib.
Qeyd edək ki, Qvardiolanın avtobioqrafısını yazan Marti Perarnau məsələ ilə bağlı maraqlı açıqlama vermişdi. O bildirmişdi ki, “Real Madrid”, Rafa Benites məşqçi olarkən Qvardiola ilə şifahi danışıq aparıb. Lakin Qvardiola bu təklifə gülüb və təklifi rədd edərək, "Mən "Barselona" klubunun azarkeşiyəm. Düşünmürəm ki, "Real Madrid"in mənim kimi məşqçiyə ehtiyacı olacaq və mən də oraya sığmazam" - deyə bildirib.