METBUAT.AZ

Dünya

Trampın Ukrayna barədə sülh planı bəlli oldu

4 Dekabr 2024 03:27

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada müharibəni yekunlaşdırmaq üçün irəli sürdüyü plan bəlli olub.

Metbuat.az xəbər verir ki, planı Tramp tərəfindən “Rusiya-Ukrayna xüsusi elçisi” seçilən Keyt Kelloq açıqlayıb. Planın maddələri Ukrayna üçün böyük itki təşkil edir. Kelloq planının birinci maddəsinə görə Moskvanın siyasi təcridinə son qoyulmalıdır. Konstruktiv görünən bu məqalədə diqqət çəkən Rusiya Prezidenti Vladimir Putinin adının xüsusi olaraq çəkilməsidir. Plana görə, Qərb mediası Putin əleyhinə sərt xəbərləri dayandırmalıdır.

Sülh planı Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların təxirə salınmasını nəzərdə tutur. Həmçinin, müharibənin dayandırılması müqabilində Ukrayna Rusiyanın ələ keçirdiyi torpaqların idarəçiliyini işğalçı ölkəyə verməli olacaq. ABŞ Ukraynadan itirilmiş ərazini Rusiya ərazisi kimi rəsmən tanımasını tələb etmir. Lakin ABŞ bu maddələri qəbul etməsə, Ukraynaya bütün hərbi dəstəyi dayandıracağını və vasitəçilik rolunu tərk edəcəyini bəyan edir. Digər maddələrdə hər iki tərəfin atəşkəs elan edib sülh danışıqlarına başlaması üçün təzyiq və təşviqlər təklif edilir. Planda deyilir ki, Rusiyaya qarşı iqtisadi sanksiyaları azaltmaq və sülh əldə olunarsa sanksiyaları tamamilə aradan qaldırmaq mümkündür. Lakin Rusiya atəşkəs elan etməsə, ABŞ Ukraynaya silah yardımını artıracağını vəd edir.


metbuat.az.