METBUAT.AZ

Elm və Təhsil

​Şagirdlərin dərs yükü bu səbəblərdən ÇOXDUR

9 Yanvar 2025 17:25

Məktəblilərin, xüsusilə də aşağı sinifdə oxuyan şagirdlərin dərs yükü olduqca çoxdur. Bu, özəl məktəblərdə oxuyanlar üçün də eynidir. Şagird məktəbdə 5-6 saat çalışmasına baxmayaraq, evə gələndən sonra da dərslə məşğul olur.

Bəs bu sistem necə tənzimlənməlidir ki, uşaqlar zehni fəaliyyətlə çox yorulmasınlar?

Mövzu ilə bağlı təhsil tədqiqatçısı Elmin Nuri Metbuat.az-a açıqlamasında öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Azərbaycan orta ümunmtəhsil seqmentində aşağı və yuxarı yaş qruplarından asılı olmayaraq,şagirdlərin tədris proqramı, dərs yükü çox da ağır deyil:

“Bunu sırf Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş sırf vahid tədris proqramına əsasən deyə bilərik. Dünyanın bir çox aparıcı təhsil ölkələrini müqayisə edəndə fərqinə varırıq ki, oradakı şagirdlərin dərs yükü, tədris proqramının ağırlığı bizdən daha çoxdur. Amma bu ayrı söhbətin mövzusu və tamam fərqli kriteriyaları özündə əks etdirən müqayisədir. Yerli ümumtəhsil müəssisələrində qeyd olunan məsələni problemə çevirən səbəblər tam fərqlidir. Qısa desək,şagirdlərin dərs yükünü ağırlaşdıran detallar tamam başqadır.Birincisi, yerli ümuntəhsil müəssisələrinin bir çoxunda şagirdlər müəllimlər tərəfindən əlavə vəsaitlərlə yüklənir. Təhsilverənlər bunu mövzunun daha əhatəli çatdırılması ilə əlaqələndirsə də, əslində, şagird zehni üçün nə dərəcədə çətinlik yaradacağının fərqində deyillər. İzafi informasiya mənbələri ilə yüklənən şagird və valideyn bunu ümumi şəkildə ağır tədris proqramı kimi dəyərləndirir”.


Ekspert bildirib ki, ikinci əsas səbəb isə ibtidai siniflərdən tutmuş, 11-ci sinifə qədər şagirdlərin repetitorluq xidmətindən istifadələridir:

“Əksəriyyəti də bunu "məktəblərdə dərs keçilmir", "məcburən bura gedirik" kimi arqumentlərlə əsaslandırır. Məktəblərdə əgər dərslər zəif tədris olunursa, bunun yeganə səbəbi repetitorluq xidmətidirmi? Abituriyentləri müəyyən qədər anlaya bilirik, bəs ibtida sinifləri repetitorluğa təhrik edən nədir? Bu, tamam ciddi və fərqli problemdir. Amma bir mənfi tərəfi də şagird zehniyyətini ikiqat yormasıdır. Şagird özünü bu zaman iki paralel təhsil sistemində hiss edir. O, həm məktəbin, həm də fərdi müəllimin tapşırıqlarına əməl etməlidir ki, bu da öz növbəsində yüklənmiş dərs öhdəliyinə səbəb olur”.

Elmin Nuri əlavə edib ki, üçüncü səbəb isə tədris proqramlarımızda tətil sayının çoxluğudur:

“Şagirdlərimiz tətili nə qədər çox sevsələr də, bunun onların bir o qədər də zərərlərinə olduqlarını düşünməlidirlər. Çünki qeyri-dərs günlərinin say çoxluğu dərs günlərindəki tədris ağırlığını daha da artırır. Tədris ilinin təkcə 15 sentyabr deyil, 1 sentyabrdan başlaması, əmin olun ki, tədris yükünü müəyyən qədər azalda bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.