11 Yanvar 2025 14:02
Son zamanlar maaşlar və pensiyalarda edilən artımlar cəmiyyətdə müsbət qarşılanıb. Lakin tələbələrin maddi vəziyyəti də diqqət mərkəzində olmalıdır. Hazırda bakalavriat səviyyəsi üzrə təqaüdlərin məbləği 100 - 175 manat, magistratura səviyyəsi üzrə isə 110 – 195 manatdır. İctimai nəqliyyat, qidalanma və digər xərcləri də nəzərə alsaq, bu məbləğ bir tələbənin ayı başa vurmasına belə çatmır. Bəs təqaüdlərin artırılması məsələsi gündəmdədir?
Mövzu ilə əlaqədar millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ dövlətin diqqətindədir və davamlı olaraq araşdırılır:
“Biz cənab Prezidentin siyasətində təhsilə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşıldığını görürük və bu kateqoriyada tələbələrin diqqətdə saxlanılması, onlara dövlətin dəstəyinin təmin olunması prioritet istiqamət kimi müəyyənləşdirilir. Müvafiq strukturlarla məsləhətləşmələr aparılır və biz davamlı olaraq tələbələrin də təqaüdlərinin artırıldığını görürük. Bu məsələ ilə bağlı gələcəkdə müəyyən qərarlar qəbul ediləcək. Nəzərə almalıyıq ki, dövlətimiz Qarabağı yenidən qurur, orada böyük quruculuq və abadlıq işləri həyata keçirir, pensiyalar artırıldı, təqaüdlər artırıldı və mərhələli şəkildə, digər sahələrdə də bu artımları və addımları müşahidə edəcəyik”.
Ceyhun Bayramov bəzi təhsil işçilərinin maaşlarının artırılmasını xatırladıb:
“Bir müddət bundan əvvəl akademiya sistemində çalışan insanların əməkhaqqısı qaldırıldı. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən bir sıra addımlar atıldı. Bu da onu deməyə əsas verir ki, bu məsələ dövlətin diqqətindədir və mərhələli şəkildə gərəkən bütün addımlar atılacaq”.
Bu barədə təhsil eksperti Elçin Əfəndi də öz fikirlərini bölüşüb.
O bildirib ki, ən son 2023-cü ildə artan təqaüdlərin yenidən artırılması mütləqdir:
“Mövcud kommunal və digər artımları nəzərə alsaq, həm bakalavriat, həm də magirstr səviyyəsində tələbələrin təqaüdləri azdır. Ən azından əlaçılara 200 manata qədər, zərbəçilərə 175 manat, adi təqaüd alanlara isə 140-145 manata qədər artımlar olmalıdır. Yəqin ki, qarşıdakı dövr ərzində dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayar”.
Sevinc İbrahimzadə / Metbuat.az