6 Yanvar 2025 23:03
Paytaxtda gündəlik olaraq demək olar, hər kəsin ən çox şikayətləndiyi, heç bir şəkildə tam həlli tapılmayan problemi məhz tıxaclardır. Xüsusən pik saatlarda nəqliyyat axını dayanır. Bunun qarşısının alınması istiqamətində bir çox addımlar atılsa da, yeni zolaqlar salınsa da, məsələni kökündən həll etmək mümkün olmayıb. Maraqlıdır, Bakıda tıxacların əsas səbəbi nədir: yol infrastrukturu, avtomobil sayı, yoxsa qeyri-effektiv nəqliyyat idarəetməsi?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti İlqar Hüseynli Metbuat.az-a danışarkən bildirib ki, sadalanan faktorların hər üçü tıxacların yaranmasının əsas səbəblərdəndir:
“Təbii ki, yol infrastrukturu önəmlidir. Bakıda şəhərsalma prosesi başlayandan bəri enli olmayıb. Yəni prospektlər yetərincə infrastruktur imkanına sahib deyillər ki, nəqliyyatın axınını tənzimləsinlər. Bir tərəfdən də avtobus yolları üçün ayrılan zolaqlar fərdi nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini ciddi şəkildə azaldıb. Prospektlərdə işıqlanma sistemi əksər yerdə tam ortada və kifayət qədər bardurlaşmış bir ərazini zəbt etməklə quraşdırılıb. Halbuki ən azı orada da bir nəqliyyat vasitəsinin hərəkətini tənzimləmək mümkün olardı”.
Ekspertin sözlərinə görə, Bakı şəhər olaraq meqapolisləşdi və qeyri- mütənasib urbanizasiya burada yaşayan insanların sayını artırdı:
“Məsələn, 2 milyon vətəndaş üçün nəzərdə tutulan bir şəhərdə artıq 5 milyonun üstündə insanın yaşaması nəqliyyat vasitələrinin sayının da kifayət qədər artmasına gətirib çıxartdı. İşsizlik məsələsi təsiri altında insanlar daha çox imkanları qüvvəsi çərçivəsində nəqliyyat vasitəsi alıb taksi xidmətinə üstünlük verdilər. Hətta elə ailələr var ki, dörd nəqliyyat vasitəsinə sahibdir. İctimai nəqliyyatdan istifadə imkanlarımız çox məhduddur, çünki həddən artıq sıxlıq var. İnsanlar mənzil başına komfortlu çata bilmirlər. Bir halda ki, artıq yeraltı nəqliyyat vasitəmiz olan metroda dəhşətli sıxıntılar yaşanırsa, görün indi yerüstü nəqliyyat vasitəsinin istifadəsi nə gündədir?”
İ.Hüseynli qeyri-effektiv idarəetmədən də danışıb:
“Düşünürəm ki, sistem fərqli cür qurulmalı idi. Şəhərsalma ilə bağlı ciddi problemlər yaşandı. Xüsusən yüksək mərtəbəli binaların tikintisi, prospektlərin salınması zamanı parklama imkanlarının məhdudluğu da bir problem yaradır. Bütün yollarımız parklama xidməti üçün tənzimlənib, zolağın sağdan da, soldan da sıxışdırılması ciddi problemdir. Onda yaxşı olardı ki, sahibkarlar qarşısında şərt qoysunlar ki, məsələn, hər üç hündürmərtəbəli binadan biri hündürmərtəbəli parkinq kimi tikilsin. O da gəlir gətirən bir obyekt kimi onların xidmətinə verilsin. Ancaq artıq bu problemin geri dönüşü yoxdur. Ona görə ki, indiyə qədər ekspertlər, bu sahəni araşdıran şəxslər tərəfindən verilən heç bir təklif dövlət orqanları tərəfindən nəzərə alınmadı”.
Sevinc İbrahimzadə