8 Yanvar 2025 20:04
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı oteli qarşısında partlayış törədən şəxs ChatGPT-dən istifadə edərək partlayıcı qurğular haqqında məlumat toplayıb.
Metbuat.az xəbər verir ki, polis ChatGPT-nin xidmətindən ilk dəfə bomba hazırlanmasında istifadə edildiyini vurğulayıb. Polis bildirib ki, ABŞ-nin keçmiş xüsusi təyinatlı əsgəri Metyu Alan Livelsberger ChatGPT istifadə edərək partlayıcı qurğular haqqında məlumat əldə edib. Məlumata görə, Livelsberger ChatGPT-nin köməyi ilə partlayış üçün lazım olan partlayıcının miqdarını və partlayıcıların haradan əldə oluna biləcəyini araşdırıb. Polis rəsmiləri ChatGPT-nin verdiyi məlumatları tam təfərrüatı ilə açıqlamasa da, süni intellektin belə hadisələrdəki köməyinə diqqət çəkiblər. ABŞ-nin hüquq-mühafizə qüvvələri süni intellekt hazırlayanların bu məsələdə daha diqqətli olmasının vacib olduğunu vurğulayıblar.
OpenAI hadisə ilə bağlı hələlik açıqlama verməyib.