8 Yanvar 2025 23:42
Kanadanın baş naziri Castin Trüdo Donald Trampın Kanadanın ABŞ-nin nəzarəti altına keçməsi ilə bağlı bəyanatlarına sərt cavab verib.
Metbuat.az xəbər verir ki, Trüdo X sosial media platformasındakı paylaşımında Kanadanın müstəqil qalacağını və belə birləşmənin mümkün olmadığını vurğulayıb. O, "Kanada və Birləşmiş Ştatlar illərdir əsas ticarət və təhlükəsizlik tərəfdaşları kimi bir-birlərinə töhfə verirlər. Bu tərəfdaşlıq region üçün çox dəyərlidir və Kanadanın müstəqil qalması bu balansın təməl daşlarından biridir", - deyə bildirib. İstefasından danışan Trüdo Kanadanın gələcəyini formalaşdıracaq yeni liderlərə yer vermənin vaxtı olduğunu ifadə edib.
Qeyd edək ki, Donald Tramp Trüdonun istefasından sonra növbəti dəfə Kanadanın ABŞ-yə birləşməli olduğunu bəyan edib. Kanadanın iqtisadi cəhətdən ABŞ-dən asılı olduğunu və bu vəziyyətin daha belə davam edə bilməyəcəyini bildirən Tramp iddia edib ki, Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır və Kanadalılar da bunu istəyir.