METBUAT.AZ

Gündəm

Uşaqların sosial mediadan istifadəsi məhdudlaşdırılacaq

19 Fevral 2025 15:50

İndoneziya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun tətbiq etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Meutya Hafid deyib.

O bildirib ki, bu təşəbbüs rəqəmsal məkanda uşaqları qorumaq məqsədi daşıyır və İndoneziya Prezidenti Prabovo Subianto tərəfindən dəstəklənir.

İndoneziyanın qərarı qismən bu yaxınlarda 16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadəni qadağan edən Avstraliyanın liderliyindən irəli gəlir. Avstraliyada texnologiya şirkətlərindən cərimə təhlükəsi altında bu qaydalara riayət etmək tələb olunur.

Nazir İndoneziyada sosial media üçün minimum yaş həddinin nə qədər olacağını hələ dəqiqləşdirməyib. Bununla belə, o, ölkə prezidentinin bu təşəbbüsü tam dəstəklədiyini vurğulayıb.

Yaş məhdudiyyətlərinin tətbiqi uşaqların sosial mediadan həddindən artıq istifadəsi, o cümlədən qeyri-adekvat məzmuna çıxışı və psixi sağlamlığa mənfi təsirləri ilə bağlı riskləri azaltmaq məqsədi daşıyır.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.