METBUAT.AZ

Gündəm

Aldadıcı reklamlara nəzarət var? -

4 Mart 2025 09:45

Son günlər Çin istehsalı avtomobillərin Azərbaycanda artması fonunda bəzi avtomobil salonlarının bundan faydalanaraq aldadıcı reklamlar etməsi müşahidə edilir. Məsələn, sosial mediada avtomobil salonları "Li Auto" (Li Xiang) brendinin rəsmi dileri olduqlarını iddia edən reklam işi aparıblar. Lakin bu sahə ilə yaxından əlaqəli olan bir neçə şəxs "Li Auto" ilə əlaqə saxlayıb və "Li Auto" rəsmi şəkildə bəyan edib ki, hazırda Azərbaycanda heç bir rəsmi tərəfdaşı (dileri) və ya distribütoru yoxdur və bu məsələyə yalnız 2026-cı ildə baxılacaq.

Bu hadisə 2017-ci ildə “İrşad Elektronics”in "Xiaomi" brendinin rəsmi dileri olduğunu iddia etməsi ilə oxşarlıq təşkil edir. Həmin vaxt "Xiaomi" açıqlama yayaraq, Azərbaycanda rəsmi tərəfdaşlarının arasında “İrşad”ın olmadığını bildirmişdi. Görünən odur ki, bəzi şirkətlər istehlakçıları aldatmaqdan çəkinmir və insanları qeyri-rəsmi mənbələrə güvənməyə vadar edirlər.

Bəs bu tip aldadıcı reklamlara nəzarət var?

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə əsasən, məhsulun satışı zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməsi müştəriləri çaşdırmağa yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir:

“Qanunsuz reklamlara haqsız, qeyri-dəqiq və ya gizli reklamlar aiddir. Bu reklamlardan istifadə etməklə haqsız rəqabətə yol verilməsi qanunsuzdur. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa görə, əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə həmin reklam haqsız reklam hesab edilir. Nəticə etibarilə, hər hansı bir şirkətin rəsmi tərəfdaşı (dileri) və ya distribütoru olmadığı halda bu cür reklamların verilməsi rəqabət və reklam qanunvericliyinin tələblərinin pozulması kimi qiymətləndirilir.

Bundan əlavə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, istehlakçıların mal, iş və xidmət haqqında zəruri və düzgün məlumat almaq hüququ var. Malın, işin və xidmətin normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə satıcının verdiyi məlumata uyğunsuzluğu qüsur hesab edilir. Mal və malın xüsusiyyətləri haqqında məlumat hər bir halda istehlakçını çaşdırmayan və anlaşıqlı formada verilməlidir. İstehlakçıya məlumatın verilməməsi və ya yanlış məlumatın verilməsi inzibati məsuliyyətə səbəb olur”.

Məlumatda qeyd olunub ki, rəqabət və reklam qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşan istehlakçılar rəqabət orqanına - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər:

“Şikayət ərizəsi ilə müraciət edən şəxs müvafiq sənədləri təqdim etməklə yanaşı, qanun pozuntusunun onun qanuni marağına toxunduğunu sübut etməlidir. Həmçinin ərizədə müraciət edən və şikayət edilən bazar subyektləri barədə dəqiq məlumatlar, müraciət edənin tələblərinin mahiyyəti göstərilməli, rəqabət qanunvericiliyinin pozulması faktı izah olunmalıdır. Dövlət Agentliyinə rəsmi internet səhifəsi - https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif və elektron poçt - office@competition.gov.az vasitəsilə müraciət oluna bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.