13 Fevral 2025 23:28
Qarabağ Universitetində payız semestrinin ilk imtahan sessiyası uğurla yekunlaşıb. Tələbələr müxtəlif fənlər üzrə biliklərini nümayiş etdirib və imtahanlar müəyyən olunmuş cədvələ uyğun keçirilib. Prosesin şəffaf və ədalətli təşkil olunması üçün müasir qiymətləndirmə üsullarından istifadə edilib. Bəs ilk imtahanlar Qarabağ Universitetinin tələbələri üçün necə yadda qalıb?
Bu barədə Metbuat.az onların bzəiləri ilə əlaqə saxlayıb:
Qarabağ Universitetinin ingilis dili müəllimliyi ixtisasının I kurs tələbəsi Bahar Əmrahzadə öz təəssüratlarını bölüşüb:
“Həm mənim, həm də universitet üçün ilk imtahan sessiyası olduğuna görə tam olaraq necə hazırlaşmalı, haradan başlamalı olduğumu bilmirdim. Amma müəllimlərimiz imtahan ərəfəsində "məsləhət saatı" keçirirdilər və bizə lazım olan, maraq doğuran bütün sualların cavabını verirdilər. Eyni zamanda imtahanın gedişatı haqqında da ətraflı məlumat təqdim edirdilər".
Tələbəmizin sözlərinə görə, imtahanların müddəti fənlərdən asılı olaraq 80-100 dəqiqə arasında dəyişib:
"İmtahan cavabları isə 3 gün ərzində elan olunurdu. Hazırlıq üçün hər imtahan arasında kifayət qədər vaxt ayrıldığı üçün imtahanlara rahat hazırlaşa bilirdik. Bütün imtahanlarımı müvəffəqiyyətlə başa vurdum və buna görə çox sevinirəm. İlk semestr olduğuna görə bəzən dərsə hazırlaşmaqda səhvlər edirdim, amma növbəti semestrdə daha da yaxşı olacağıma inanıram”.
Qarabağ Universitetinin Maliyyə ixtisasının I kurs tələbəsi Emil Əhmədov isə bildirib ki, imtahanlar açıq tipli sual formatında keçirildi:
“Suallar isə düşündürücü və praktik oldu. Əlbəttə, hər tələbədə olduğu kimi məndə də həyəcan var idi. İmtahan müddətində heç bir problem ilə üzləşmədim. Cavablar 2 və ya 3 gün ərzində açıqlanırdı. 1-ci semestrı “zərbəçi” olaraq başa vurdum, növbəti semestr isə əlaçı olmağı ümid edirəm”.
Qeyd edək ki, Qarabağ Universitetində dərslər fevralın 17-dən başlayacaq.
Sevinc İbrahimzadə / Metbuat.az