19 Mart 2025 23:46
Xırdalan şəhər poliknikasında şəkər xəstələrinə verilən dərman qurtarıb. Səbəbi olaraq bildirilib ki, xəstə dərman almaq üçün gecikib.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq.
TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcmi, o cümlədən insulin və digər şəkərsalıcı dərman preparatlarının illik miqdarıhesablanır:
“Beləliklə şəkərli diabet xəstələrinə insulin, şəkərsalıcı həb və özünənəzarət vasitələri verilməsi hazırda qüvvədə olan Qərara əsasən insulinterapiya alan şəkərli diabet xəstələrinə (xəstəliyin tipindən asılı olmayaraq) sutkada 40 vahid insulin, şəkərsalıcı həb alanlara 2 şəkərsalıcı həb, kombinə olunmuş terapiya alanlara isə 40 vahid insulinlə birgə 2 şəkərsalıcı həb verilir”.
Həmçinin məlumatda qeyd olunub ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında tibbi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı statistik məlumatlara görə 7 774 nəfər təşkil edir:
“2023-cü ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərin müayinə və dərman vasitələrinin daha kompakt şəkildə təmin olması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi üçün bütün həkim-endokrinoloqlar tibb müəssisəsinin Xırdalan şəhərində yerləşən poliklinika şöbəsində fəaliyyət göstərir.
Dərman təminatı imtiyazlı xəstə sayına uyğun olaraq təmin edilir və hər ayın 10-dan 20-dək xəstələrə poliklinikada dərman vasitələri paylanılması prosesi icra olunur. Vətəndaşlardan qeyd olunan müddətdə imtiyazlı dərmanları əldə etmələri xahiş olunur. Həmin vətəndaşın müraciətinə isə aidiyyəti üzrə baxılıb və müvafiq kömək göstəriləcək”.
Sevinc İbrahimzadə / Metbuat.az