Cavidan Mirzəzadə

Köşə yazarı

12:23 25 Noyabr 2019 1166
A- A+

İnsanımız niyə cılız düşünür?

Niyə Azərbaycanda heç vaxt bank soyğunu olmur? Yoxlamaq üçün “Google”də axtarışa versəniz, bir dənə də olsun böyük çaplı soyğun xəbəri çıxmayacaq. Məsələn, Hollivud filmlərində gördüyümüz o milyonluq oğurluqlar bizim ölkədə niyə olmur? Azərbaycanda niyə heç bir məhbus həbsxanadan qaçmağa çalışmır?

Çünki, bizim insanımız cılız düşünür. Düşüncələrimiz də, istəklərimiz də, planlarımız da, fantaziyalarımız da kiçikdir. Bu nüans özünü təkcə bizim yazıçılarımızla, sənətçilərimizlə, biznesmenlərimizlə dünyadakı həmkarlarını müqayisə edəndə üzə çıxmır. Elə bizim fəhlə də onların fəhləsindən, oğrumuz da onların oğrusundan kiçik düşünür. Bizdə ya təkər oğurlayırlar, ya da market soyurlar, onu da iki günə polisə tutulmaq şərti ilə...

İnsanımızın cılız düşünməsi özünü həyatın bütün sahələrində göstərir. Bir neçə il əvvəl işlədiyim müəssisələrdən birində bunun dəqiq şahidi olmuşdum. Fabrikdə 5 usta işləyirdi, aparatların təmirinə və s. baxırdılar. Bunlardan biri rus idi, 10 il idi Bakıya köçmüşdü, dilimizi də bilirdi. Hamısı da eyni – 50 yaş civarında insanlar idi. Amma bir fərq vardı: azərbaycanlı 4 usta tipik azərbaycanlı fəhləsi idilər, hər cümlələrində söyüş, ədəbsiz zarafatlar, nə gəldi danışırdılar, özü də möhkəm səslə. Üst-başları da tipik fəhlə kimi. O rus usta, danışığı ilə, davranışları ilə, üst-başı ilə - qısası hər tərəfli olaraq digərlərindən seçilirdi. Oturub onunla söhbət edəndə elə bilirdim ki, təhsilli biri ilə danışıram. Genetika öz sözünü necə lazımdısa, deyirdi...

“Çox istəyən azdan da qalar”, “Az aşım, ağrımaz başım” kimi düşüncələrin nəticəsidir hamısı. Niyə azla qane olaq, niyə daha çoxunu əldə etməyək? Birdə “Kişinin borcu olar” ifadəsi var. Niyə borcu olmalıdı axı kişinin?

İnsanların səhər-axşam məmnun halda işə gedib gəlmələri adamı dəli edir. Az və orta gəlirli insanları qoyaq kənara. Yüksək maaşı olan insanlar da ömürlərini bu pula satmaqdan məmnundular. Adam fikirləşir ki, bunlar gedib niyə bir iş qurmur, niyə bir bizneslə məşğul olmurlar? Sırf vəzifə üçün? Buna görə zamanı satmağa dəyər məgər? İndi hər ayını 2 min manata sata bilərsən,öləndə milyon versən sənə 1 ay verən olmayacaq axı...

Adicə şirkət adlarına, əmtəə məhsullarının adlarına, incəsənət məhsullarının adlarına fikir verin. Adı qoyanda elə ad qoyurlar ki, ingilis dilinə tərcümə etmək mümkün deyil. Çünki o brendi istehsal edən, o kitabı yazan, o filmi çəkən düşünmür ki, onun məhsulu dünyaya çıxacaq, dünyaya lazım olacaq. İllər əvvəl Azərbaycanda futbol məktəbi var idi, adını “Can bala” qoymuşdular a kişi... Elə bil yetimxanadır. Ordan çıxan futbolçu nə olacaq?

Bir də iş təcrübəsi ilə öyünən adamlar var: “20 ildir bu sahədəyəm”. Pəəh, nə matah şey etmisən. Sənin o sahəyə aid normal bilik və bacarıqların, savadın olsaydı, 20 il işçi olaraq qalmazdın, özün rəhbər şəxs yaxud sahibkar olardın indi.

Bu ölkədə ancaq maşınlar, telefonlar, evlər böyükdür. O da qohuma-qonşuya göstərmək üçün. Fikirlər cılız-cılız, düşüncələr xırda-xırdadır.

Böyümək ümidi ilə...

Cavidan Mirzəzadə / Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI