Aytən Novruzova

Köşə yazarı

12:04 2 May 2017 2446
A- A+

Əlvida həyat, xoş gəldin ölüm!

"Həyat, sən nə şirinsən, kim səndən doydu getdi, gedənlər öz qəlbini dünyada qoydu getdi…"

Sual dolu gözlərlə baxma mənə, həyat! Çəkmə əllərimi əlindən. İnsaf et.

Gəl, sənə puç olmuş arzularımdan danışım. Bölüşüm səninlə kədərimi. Bilirəm başqasını öz qəm yüküylə yükləmək mədəniyyətsizlik sayılır. Amma fərq etməz. Dünyanın ən böyük mədəniyyətsizi olum mən, təki sənə yaşadıqlarımı hayqıra bilim. Son nəfəsimdə olsa belə, danışım, ürəyimi boşaldım.

İmkan vermə o dünyaya üzü qara köçüm.

İlk zərbəmi atam əllərini əlimdən çəkib əbədiyyətə qovuşarkən aldım. O vaxta qədər atamın məni heç vaxt tək qoymayacağını düşünürdüm. Mənə nələr vəd etmişdi. Toyumda qol götürüb oynayacaqdı. Arzularımı, arzularını özüylə götürüb qara torpağa gömdü. 3 hərfli bu sözün arxasında necə kəramət yatdığını anlamayacaq qədər axmaq olmuşam mən. Axı o məni bu həyatın dərd, qəmlə dolu selinə necə atıb gedə bildi. Deyirlər, seldə boğulan saman çöpündən yapışar batmamaq üçün, amma nə yazıq ki, mənə o çöpü tapmaq belə qismət olmadı.

Sevinc mənə düşmən kəsilməsilə kədər ömürlük yol yoldaşıma, ruh əkizimə çevrildi. Məni ürəkdən şadlanmağa qoymayan sevincin kədərlə öz aralarında nəyi bölüşdürə bilmədiklərini hələ də anlamıram.

Sevgidə də ulduzum parlamadı. Geriyə xatirə qoyub gedəcəklərim dediyim, ürək parələrim məni lazımsız əşya kimi kimsəsizlər evinə yerləşdirdi. Qüssə, soyuq divarlar, heç vaxt ev yeməklərinin dadını verməyəcək alaçiy, dadsız xörəklər yarım oldu. Mənə dönük çıxmadıqları üçün dərin təşəkkür onlara...

Düşünmə ki, bu son oldu. Alışdım getmələrə. Zərbə zərbə ardınca gəldi həyatıma çağırılmamış qonaq kimi. Üz vurmadım qonağa, ürəyimə köz basıb susdum. Ona üz verdikcə, başıma çıxdı. Gətirdiyi qüssəni qara ləkə kimi ruhuma çəkib yoxa çıxdı.

Hələ də o qonağın axtarışındayam. Qüruru varsa, ortaya çıxıb, gözlərimə dikbaxaraq mənə vaxtsız, vədəsiz gətirdiyi payını özüylə alıb aparsın. Dəmirdən deyiləm, insanam mən. On illiyi bitirərkən libas tapıb gedə bilmədiyim “Son zəng” ahıl yaşımda özü ayağıma gəlib. Mənə bu dünyada görmədiyim, yaşaya bilmədiyim cənnəti vəd edir. İnanmaq istəyirəm cənnətin varlığına, bəlkə orda bir gün görəm.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI