Xəyalə Məmmədova

Köşə yazarı

17:32 22 May 2017 3479
A- A+

​Tamaşa bitdi, işıqları söndürün!

“Yalnızlığın nə olduğunu anlat”- dedilər. “Qaranlıq küçədə iki işığından biri yanan elektrik dirəklərinin yaşadığıdır”- dedim. Qəlbi çirkli küçələrdə gəzən, gözləri yad baxışlarda qalan, axtarışlar içərisində çırpınan birinin hiss etdikləridir, bəlkə də. İnsanlar kimi müddətə bağlı, tükənən, məhv olan, edən, parçaları işə yaramayandır.

***

Addımlarımız sona doğru aparır bizi. Öz sonumuz, yoxsa başqasının sonunamı, bilmirik. Heç vaxt bitməz dediyimiz hisslərimizi bitiririk bir gün. Münasibətlərimizi, dostluqlarımızı bitiririk. Bəzən sadəcə bir gülüşü itiririk. Bəzən də birinin hər gün sənə dəmlədiyi o mixəkli çayı. Sonu kimin yazmasından asılı olmayaraq, itiririk...

***

Söndürməyi unutduğumuz siqaret kötüyü kimi bəzi sonlar yandırır əli. Yarası zamanla sağalır, izi belə gedir. Qəlbin tülpanlarla dolu o xəyalını qurduğun bağçaya çevrilir. Amma bir gün... Qələmlə oynadığında şüursuzca əlin sağalan o yaranın rəsmini çəkir. O zaman keçmişin keçmədiyini insan anlayır.

***

Gələcəyə istiqamətlərnmiş olsaq da, bir tərəfimiz hər zaman keçmişdə qalır. Keçmiş unutmaq istədiyimiz şeylərə verdiyimiz addır, unutduğumuz şeylərə deyil. Unudulan şey keçmiş olmur, yox olur. Elə, yoxdan ibarət heç nə. Küçədə havaya qarışıb yox olan siqaret tüstüsu kimi, heç bir şey kimi...

***

Nəfsin dəyərlərlə mübarizəsinin nəticəsini gözləməklə yaşayırıq. Bu bilinməzliklər içində zamanla gözdən itir hər şey. Bağlı qaldığımız o müddət gəlib sona çatır. Tamaşa bitir, işıqlar sönür...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI