Aytən Novruzova

Köşə yazarı

11:05 29 May 2017 2114
A- A+

Satqına rəhm acizanəlikdir

Xəyanət. Hisslərin ən ucuzu, insanı insan gözündə alçaldan naxələflik. Beşikdən qəbrə qədər insan həyatını qarabaqara izləyən kabus.

Çiy süd əmmiş bəşər övladı özü-özünü ya qəsdən, ya da təsadüfən xəyanətinin ilk obyektinə çevirir. Quluna çevrildiyi xəyanət kir-pasına qulluqçuluq etməyə başlayır. Yəqin maraq etdiniz necə? Prinsiplərinə, dəyərlərinə, əxlaqi etalonlarına dönük çıxmaqla. Qarşılığı isə ya bir qarın çörək, ya şəhvət hissləri, ya da “nazir kreslosu”. “Dönüklüyün bəxşişi”nin nə olacağına isə 100%-lik zəmanət yoxdur.

Mənəvi dəyərlərin buz kimi əriyib yoxa çıxdığı, “Kitayski sevgilər”in tüğyan etdiyi, gözlərində “anormal sevinc qığılcımı” ilə “Allahu-Əkbər” deyib, körpə başı kəsən, namusuna toxunulan əcaib bir dünyanın sakinləriyik biz. Bəzən yaşlı nəslin nümayəndələri bu vəhşəti yeyib-içdiklərimizlə əlaqələndirir. Genində, damarlarında azğınlıq qanı axan birinə sonradan yediklərinin təsiri o qədər də keçərli olmaz zənnimcə.

İnsan özü-özünə etdiyi xəyanəti bir növ bəraət axtarmaqla , ört-basdıra çalışır. Bəs onun başqalarına xəyanətinə kim bəraət tapmağa çalışacaq? Ümumiyyətlə, bu cür çirkinliyə bəraət qazandıran tapılarmı? Ailəsinə, dost-tanışına, yaxınlarına xəyanətə haqq qazandırmaq ən azından xəyanət anlayışının özü qədər “alçaq” yanaşma olardı.

Söhbət vətənə xəyanətdən gedirsə, ümumiyyətlə susmaq, ən pis halda yox olmaq lazımdır.

Vətənə xəyanət, casusluq bütün dövrlərdə, bütün quruluşlarda ağır və sərt şəkildə ittiham olunub. Məsələn, İngiltərədə vətənə xəyanət günahından məhkumlar asılıb, dörd hissəyə bölünürdülər. Edam prosesi belə idi, öncə qurban taxtadan düzəldilən bir divara bağlanır, sonra boynundan asılır, ölməsinə yaxın boynundan ip çıxarılırdı. Üçüncüsü bətnindəki orqanlar çıxarılıb, xədim edilirdi. Orqanları qurbanın gözü qarşısında yandırılır, sonda da qurban 4 hissəyə bölünürdü.

18-ci əsrin əvvəlində vətənə xəyanətə görə digər cəza üsulu həmin şəxsin şəhərin tam ortasında bir payaya bağlanması ilə başlayırdı. Sonra isə tamaşaçıların qarşında yandırılırdı.

Vətənə xəyanət edəni Sovetlərdə güllələmə gözləyirdi. Hazırda dünyanın bir çox ölkələrində vətənə xəyanət maddəsilə ömürlük cəza təyin olunur.

Son günlər Azərbaycan Silahlı Qüvvələrinin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri cəmiyyətdə geniş rezanans yaradıb. Çox ciddi bir şəbəkənin - vətənə xəyanət etməkdə ittiham olunan bir qrup əsgər və zabit heyətinin adları çəkilir.

Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv olunub. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib. ABŞ-da və Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə isə hələ də ölüm cəzası qüvvədədir.

Vətən anlayışı boş yerə ana anlayışı ilə eyniləşdirilməyib. Vətənini satan anasını satıbdır demək ki. Anasını satanın ən yaxşı cəzasını isə gözü yaşlı şəhid anası verər zənnimcə.

Aytən Novruzova / Metbuat.az


RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI