Aytən Novruzova

Köşə yazarı

11:05 19 İyun 2017 2699
A- A+

"Tərbiyə güzgüsü" və ya "əks tərbiyə" - I HİSSƏ

Müasir dövrdə yeniyetmələrin tərbiyəsi prosesinə digər amillər kimi kütləvi informasiya vasitələri də ciddi təsir göstərir. Burada əsas kimi kütləvi informasiyaya olan tələbat dayanır. Yeniyetmə şəxsiyyəti formal və qeyri-formal olan çoxistiqamətli əlaqələr fonunda inkişaf edir. Belə əlaqələr sistemində aparıcı rola malik televiziya formalaşmaqda olan və həssas yaş xüsusiyyətlərinə malik yeniyetmələrdə bir sıra keyfiyyətlərin formalaşmasına və inkişafına yardımçı olur. Lakin dünyaya inteqrasiya, yeni dəyərlərin idxalı şəraitində milli dəyərlərə uyğun gəlməyən bir sıra verilişlər, filmlər və seriallar yeniyetmələrin psixikasına neqativ təsir göstərir və onların şəxsiyyət kimi inkişafı prosesinin istiqamətini dəyişir. Bu mənada yeniyetmənin tərbiyəsində kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyanın rolunun araşdırılması aktual bir problem kimi ortaya çıxır.

Zorakılığın şüuraltı olaraq yeniyetməni cəlb etdiyi və ovsunladığını nəzərə alaraq, fəaliyyətin bu növünün yeniyetmədə neqativ həyat istiqamətləri və strategiyaları yaratması qaçılmazdır və bir sıra hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır.

Aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə dünya üzrə yeniyetmə gənclər arasında cinayətkarlıq 1,5 dəfə, yeniyetmələr arasında isə 2 dəfə artıb. Faktlar göstərir ki, gənclərin və yeniyetmələrin 30 %-i cinayətləri kinofilmlərin və verilişlərin təsiri altında törədir. Yeniyetmələr hər il ekranda 10 minə yaxın zorakılıq səhnələri görür. 14 yaşında televizora gün ərzində 3 saatdan çox baxan gənclərin 45 %-i zorakılığa meyllidir, 20 %-i isə cəmiyyət üçün ümumiyyətlə təhlükəlidir və mənəvi cəhətdən cinayət törətməyə hazırdır.

İnkişaf etmiş ölkələrdə ekran zorakılığının mənfi təsirinə qarşı durmaq metodları mövcuddur. Onların arasında maarifləndirmə, psixoloji təsir və kütləvi kommunikasiyanın idarə olunması işləri daha çox diqqəti çəkir. Bununla yanaşı, kütləvi informasiya vasitələrinin yeniyetmə və uşaqların psixikasına mənfi təsirini aradan qaldırmaq üçün media təhsili də fəaliyyət göstərir. Media təhsilinin əsas vəzifələri müasir informasiya şəraitində yeni nəsli həyata, müxtəlif informasiyanın qəbul edilməsinə kömək etməkdən, insanın onu başa düşməsinə, onun psixikasına təsirinin nəticələrini dərk etməsinə hazırlamaqdan ibarətdir.

Demək olar ki, problemə həsr olunmuş çoxsaylı məqalələr kifayət qədər fəal şəkildə bu problemi işıqlandırır, mümkün ümumləşdirmələr aparılır və belə vəziyyətin qarşısının alınması və dəf edilməsi yollarının axtarışı həyata keçirilir. Beynəlxalq səviyyədə problemlər üzrə müxtəlif konfranslar təşkil edilir.

Statistika göstərir ki, son 40 il ərzində dünyada televiziyanın və sosial şəbəkələrin uşaqlara və yeniyetmələrə təsirinə həsr olunmuş 1000-dən artıq tədqiqat aparılıb. Tədqiqatlar dünyanın bir çox ölkələrində, müxtəlif irqlərə, millətlərə və sosial qruplara mənsub olan qızlar və oğlanlar arasında aparılıb. Bununla belə, tədqiqatların nəticələri demək olar ki, eyni olub: ekrandakı aqressiya insanları digər insanlara, heyvanlara və cansız əşyalara münasibətdə daha aqressiv edir.

Amerika Pediatriya Akademiyası (American Academy of Pediatrics) bu tədqiqatlardan dörd sanballı nəticə nəşr edib:

Əvvəla, zorakılıq səhnələri çox olan verilişlərə baxan uşaqlar zorakılığı konfliktlərin legitim həlli üsulu kimi qəbul edirlər.

İkincisi, zorakılıq səhnələrini seyr etmək insanı real həyatdakı zorakılıqlara qarşı daha müdafiəsiz edir.

Üçüncüsü, uşaq və yeniyetmə ekranda nə qədər çox zorakılıq səhnələri görürsə, bir o qədər onun zorakılığın qurbanı olmaq şansı var.

Dördüncüsü, əgər uşaq zorakılıq səhnələri olan televiziya proqramlarını seyr etməyə üstünlük verirsə, böyük bir ehtimal mövcuddur ki, o, aqressiv insan kimi böyüyəcək və hətta cinayət törədə bilər.

Deməli, televiziya təkcə müəyyən informasiya vermir, həm də hərəkət variantları göstərir, yeniyetmə və uşaq öz mənəvi baxışlarına əsaslanaraq, onları ya rədd edə bilər, ya da əxlaqi nöqteyi-nəzərdən hətta, legitim kimi qəbul edə bilər.

Nəzərə almaq lazımdır ki, televiziya həyatı müxtəlif, hətta ola bilsin ki, uşağın belə vəziyyətlərə heç vaxt düşməyəcəyi mövqelərdən görməyə imkan verir. Özgəsinin təcrübəsi kimi hərəkət üsulları müəyyən alqoritmdən keçir - eyniləşdirmə (vəziyyətin təhlili, onun tərkib hissələrinə ayrılması); fərdiləşdirmə (uşaq bu vəziyyətin həyatda ona necə aid olmasını qiymətləndirir, “Mən də ” mövqeyi); şəxsiləşdirmə (uyğun obrazın yaradılması, “Mən” mövqeyi, uşaq bu hərəkət variantını ya mənimsəyir, ya da onu əxlaq normaları nöqteyi-nəzərindən özü üçün qəbuledilməz bir hal kimi rədd edir).

Psixologiya və media pedaqogikası KİV-i dəyişmək iqtidarında deyil. Lakin onun qəbuledilmə xüsusiyyətlərini, mənəvi-əxlaq dəyərlərinin formalaşmasının yaş xüsusiyyətlərini və uşaqlara təsirin psixoloji, didaktik üsullarını bilməklə, müəllim kütləvi medianın imkanlarını öz pedaqoji məqsədləri üçün istifadə etməlidir. Məhz bu yolla kütləvi informasiya vasitələrinin, o cümlədən televiziyanın yeniyetmələrin tərbiyəsinə neqativ təsirinin qismən aradan qaldırılmasına nail olmaq olar.

Ədəbiyyat:

1. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003, 540 s.

2. Əliyev B.H. Şəxsiyyət probleminə yeni baxış / Elm XXI əsrin astanasında elmi-praktik konfransının materialları. Bakı: Renessans, 1998,s.1

3. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı: 2008, 479 s.

4. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı: Caşıqoğlu, 2003

5. Здерева Е.В. Патриотизм и его развитие.Тольятти: ТГУ, 2009, 532 с.

6. Ипполитова Н.В. Теория и практика подготовки будущих учителей к патриотическому воспитанию учащихся: автореф. дис... докт. пед наук.Челябинск: ЧелГУ, 2010, 22 с.

7. Кокарев Ю. П. Воспитание патриотизма и гражданственности в молодежной среде // Профессионал, 2007, №3, 221с.

8. Пелевина Т.В. Роль психологических механизмов и диспозиций в формировании патриотического потенциала современной молодежи. М.: 2005, 121 c.

9. http://www.com/publ/socialnaja_psikhologija/patriotizm_kak_socialno_psikhologicheskoe_javlenie/5-1-0-39

Aytən Novruzova / Metbuat.az


RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI