Bahadur Seyidov

Köşə yazarı

11:55 6 İyul 2017 5642
A- A+

Montaj ilə qisas olmur, atam!

Sizə ürək ağrısı ilə bir lətifə danışım. (niyəsini deyəcəm)

"Bir gün Molla Nəsrəddin arvadı ilə toydan qayıdırmış. Arvadın varı-yoxu üstündəymiş. Quldurlar yolu kəsir. Yerdə bir cızıq çəkib deyirlər, Molla, ayağını bu cızıqdan kənara qoysan, özünü ölmüş bil. Xülasə, arvadın qızılını-gümüşünü, palını-paltarını soyub aparırlar, Mollanın səsi çıxmır. Onlar gedəndən sonra arvad özündən çıxır ki, sən nə təhər kişisən, məni lüt-üryan etdilər, səsini çıxarmadın. Molla deyir, arvad, xəbərin yoxdur, səni soyanların evini yıxmışam. Arvad qalır mat-məəttəl. Soruşur, a kişi, necə yıxdın evlərini? Molla deyir, arvad, sizin başınız qarışıq olanda düz üç dəfə ayağımı cızıqdan kənara çıxarıb geri qoymuşam.."

Gülmək gərək deyil, bugünki hadisələrin fonunda bu lətifəni yada salıb sadəcə ağlamaq lazımdır. Bu gün Zəhranın qisasını almaq üçün Sarkisyanın başına eşşək şəkli qoyuruq, üzündə qan işarəsi ilə "fotoşop" düzəldirik, nə bilim, cürbəcür fotomontajlar edirik. Ədəbiyyata töhfələr veririk. Guya bu yolla qisas alırıq.

Bu qisas deyil, hətta bu qisası aşağılamaqdır. Bu gün bizim Zəhra üçün etdiklərimiz mollanın ayağını cızıqdan kənara  qoyması kimi bir şeydir.

Özümüzü aldatmamalıyıq. Bu gün Zəhranın atasının düşdüyü vəziyyətə sabah da biz düşə bilərik - evin cəbhəyanı bölgədə yerləşməsindən asılı olmayaraq.

Bu "dığa"lar ən sərt şəkildə cəzalandırılmalıdır.

Bu gün dünyanın dörd bir yanında terrorla mübarizə tədbirləri həyata keçirilir. Biz müharibəyə yox, anti-terror əməliyyatlarına başlamalıyıq.

Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır, elə isə bizim torpaqlarımıza  soxulmuş terrorçulara qarşı tədbirlər görəcəyimiz  halda, bizə hansı ölkə bir söz deyə biləcək?!


Qardaş Türkiyəni, Pakistanı da  anti-teror tədbirlərinə yardım etməyə səsləməliyik.

Vətənimin şəhid Zəhrası Suriyadakı teror qurbanı olmuş bütün uşaqlardan daha çox ağrıdır məni.


Bizim nicat yerimiz heç nəyə yaramayan, ATƏT-in Minsk qrupu  deyil. Bu qrupun adını “TURİST” qrupu qoymaq daha yaxşı olardı...

Mən Sarkisyanın başına eşşək şəkli qoyulmağının, üzünü qaraltmağın, şeirlər yazılmağının, hekayələr qoşulmağının və s. əleyhinə deyiləm. Bunlar lazımdır, amma bunlar anti-terror əməliyyatı ilə bir yerdə lazımdır.  Yoxsa təkcə bunlar yenə də "Mollanın  söhbəti"nə qayıdır.

Bir olmağın və düşmənlərin qarşısına dikilib, ermənilərə yüz qat ağır zərbə vurmağın vaxtıdır, yoxsa Zəhralarımız çox olacaq...

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI