Yeganə Cansail

Köşə yazarı

16:38 21 Fevral 2018 24668
A- A+

Sevgi məğlubiyyətdir! Yenilməkdir! - Yeganə Cansailin yazısı

Hər ölənlə ölmürsən, hər gedənlə bitmirsən. Məncə bu daha yaxşı təsəllidir, nəinki hər şey yaxşı olacaq. Bu üzə dəyən sərt, amma ədalətli şillə kimidir. İçini parçalayır, didir, amma barışırsan. Hər birimiz yaşamışıq ayrılığın kədərini də, o ürək dağlayan, sanki heç vaxt bitməyəcək ağrısını, hüznünü də.

Guya kim kövrəlib hönkürməyib ki, ayrılıqdan sonra dinlədiyi mahnıların hər sətrində... guya sən heç üzünü balışa sıxıb səsin kəsilənədək nəfəsini içinə çəkməmisən ki? Guya onu sənə xatırladan bütün sevgi hekayələrinin sonunda gözündən iki damla yaş süzülməyib ki? Guya soyuq yatağında səhərlərə qədər it kimi uluyub intiharı düşünəcək qədər axmaq olmamısan heç? Guya pəncərədə onu xatırlayıb sigaretin tüstüsünü yalnızlığın qədər içdən dərinə çəkib hirslə siqareti atmamısan heç? Amma bax, yaşayırıq, ölməmişik! Tapdalansaq da, əzilsək dəgünəş hələ də gözlərimizdəki ümidi isidir.

Tanrı da sanki planetə sevgini virus kimi göndərib. Yaşayırıq, amma bu virus qanımızda dolaşıb ürəyimizdə yuva qurmayanda elə bil həm də yaşamırıq. Aldanırıq, yerlə bir oluruq, amma yenə də sevirik. Sevəcəyik də! Deyirlər sevgi mübarizədir, amma məncə sevgi məğlubiyyətdir! Yenilməkdir! Onun bir sözüylə təslim olmaqdır, bütün prinsiplərinə, özünə xəyanətdir sevgi! Qadınlar axmaqcasına, həm də sadəqətlə sevirlər. Sadəlövhcəsinə sevgilinin əbədiliyinə, heç vaxt tərk edilməyəcəklərinə inanırlar. əslində inanırlar deyirəm, amma qadınlar buna daha çox özlərini inandırırlar. Mən o qədər qadınlar gördüm ki, “bir kişiyə görə işimi, həyatımı qurban vermərəm” deyib də nəinki işini, hətta ərini, ailəsini qurban edib sonda paramparça olan bədbəxt qadınlar...

Azərbaycan ədəbiyyatında bu gün çoxları yazıçı Anarı qınayır, topa tutur. Amma mən onun və Rasim Ocaqovun qarşısında baş əyirəm, təkcə elə bir “Təhminə”yə görə. Təkcə elə bu cəmiyyətin kişi və qadınlarını Zaur və Təhminənin simasında göstərdiyi üçün hər dəfə alqış edirəm! Nə vaxta kimi Zaurlar “axı mənim də arzularım var”ın qurbanı olacaq? Nə vaxta kimi Təhminələr fiziki olaraq yox, ruhən, mənəvi olaraq bu cəmiyyətdə məhv olacaq? Bu filmin təqdimatından illər keçir, amma baxın cəmiyyət hələ də təhminələri bədbəxt edən zaurlar, dadaşlar, Zaurun valideynləriylə doludur. Çoxumuz fərqli, müasir olduğumuzu deyirik, danışanda ağzımıza çullu dovşan sığmır. Amma standartlar həyatımızın ayrılmaz parçasıdır: biz bir qadın sevirik, bəli sevirik, ömrümüzün ən gözəl xatirələrini onunla yaşayırıq, amma məsələ evlənməyə gələndə, servanta qoyulan büllur qab kimi anamızın bizə məsləhət gördüyü ya xalamız qızını, ya da elə Zaur kimi qonşunun qızını alıb özümüzə arvad edirik. Təbii ki, bütün bunlar hamıya şamil olunmur.

Sonra aylar keçir, başımız daşa dəyir, amandır, Təhminə, səndən yoxdur, olmayacaq! Və həmin Zaurlar sevgilini yenidən evli həyatına qaytarmaqla bu dəfə də ikinci zərbəni vururlar Təhminələrə! Bu bədbəxt zaurlar anlamırlar ki, qadın bir kişinin həyatından gedibsə bir də heç vaxt ona geri qayıtmaz. Hisslər boyatlaşdımı, bax onda hər şey bitmişdir qadının həyatında. Və çox qəribədir ki, hər qərarına, hər addımına qarışan kişi bir gün elə ilim-ilim itir ki, sanki sən indi bir heykəlsən, daşsan. Sehrbazları belə mat qoyan bu sehrli yoxluq, soyuqluq necə baş verir ki, Tanrım? Əgər bir qadın ağrının içində xirtdəyəcən boğulanda sən olmamısansa, əgər bir qadın səni unutmaqçün öz doğma şəhərindən didərgin düşübsə, əgər bir qadının biləklərində yoxluğunun qanlı izləri qalıbsa, kimsən sən? Nəsən sən?

Mənim sevimli yazıçım Begbeder də gah məhəbbətin 3 il yaşadığını deyir, gah da bunu təkzib edir. əlbəttə sevgiyə nə ömür qoymaq doğrudur, nə də məhdudiyyət. Sevgi yeganə zəhərdir ki, bal kimi dadıb ömrümüzü ona qurban veririk. Sevgi yeganə hissdir ki, min dəfə batdığımız palçığa min birinci dəfə də batıb özümüzü nağıllara inandırırıq. Sevgi nağıldır. Bəli, sonda göydən üç alması düşməyən, nağıl....

Yeganə Cansail

RƏYLƏR

DİGƏR KÖŞƏ YAZILARI