Nərgiz Nənə

Köşə yazarı

17:47 18 Aprel 2018 24174
A- A+

Sizə gəlmək istəyirik... Oturub, mesajlaşardıq - Zəmanə uşaqları(yıq)

Sizə gəlmək istəyirik... Oturub, mesajlaşardıq

Novruz da keçdi. Çoxumuz rayonlara gedib qohum-əqrabamızı yad etdik. Bəs həmin bayram axşamlarında əvvəlkilərlə müqayisədə dəyişiklik hiss etdinizmi? İnsanlar bir-biri ilə hal-əhval tutmaq yerinə, modemin şifrəsini, ştepselin yerini soruşur. Böyüklərimiz də televizorun qarşısında susqun və kədərli baxışlarla oturub qalırlar.

Məqsədim yüksək dozada nostalgiya deyil. Bildiyimiz şeyləri xatırlayaq deyə yazıram...

Uşaq vaxtı bütün etirazlarımıza rəğmən qohumlarımızın evinə getməyə məcbur edilirdik. Bəlkə də analarımızın, “Gülçöhrə xalandan ayıbdı, o dəfə də sizi soruşurdu” sözlərinə oxlovla döyülməyək deyə razı olurduq. Amma o Gülçöhrə xalayla Mamed dayının bizi xatırlamayacağını və ya bacı-qardaşımızla səhv salacağını yaxşı bilirdik. Hərçənd evdə tək qalanda da çiynimizə xəbərsiz gələn qonaqlarla valideynlərimiz gələnə qədər söhbət etmək kimi ağır yük düşürdü...

İndi qonaq getmək moddan düşüb. Gedənlər də təkcə ana-atadan ibarət olur. İçəri girən kimi də “Özlərindən olsa, böyüyüblər. Bizimlə heç yerə getmirlər” kimi cümlələrlə ev sahibinin qarşısında səngərə girməyə başlayırlar. Xüsusilə də yetkinlik yaşına çatmış uşaqları nəinki qonaq aparmaq, öz otağından çıxara bilən qaranlığa girib oynasın.

“Planşeti ver o uşağa, sussun”

Bir vaxtlar evə gələn qonağın uşaqlarının başını qatmaq evdəki gənclərin boynunun borcu idi. İndi buna ehtiyac yoxdur. Əvvəllər evə qonaq gələndə qonaqlıq əlaqələrindən məsul şəxs kimi uşaqlarına “Mamed dayıyla salamlaşdın?” kimi suallar verən analar tarixə lap çoxdan qovuşub. Uşaq sakit dursun deyə planşetlərdən vəhşicəsinə istifadə edən valideynlər siyasətin yeni yollarında iti və iri addımlarla irəliləyirlər.

Valideynlərinki də zülmdü e. Ağır iş rejimi, məişət qayğılarından vaxt tapıb birtəhər qohuma, qonşuya vaxt ayırırlar. Onda da özlərini zorla sıxıb iki-üç kəlmə danışan kimi cumurlar telefonların üstünə. Bir vaxtlar adam arasında telefon zənglərinə cavab verəndə də üzr istənilirdi axı...

Qonaqlıqlardan şəkilli mesajlara

Dəyişən adətlərimiz bunlarla məhdud deyil. Nəinki mobil, heç ev telefonlarının hər kəsin evində olmadığı dövr var idi. Onda insanlar bir-birinin evinə gedib, təbrik edərdi, görmədiklərindən, eşitmədiklərindən xəbər alardı. Sonra ev telefonları, ardınca mobil cihazlar, sonra da bəzi adamların özündən də ağıllı telefonlar tualetə qədər girməyə başladı. Və bir vaxtlar həmin telefonlarla yazılan gözəl cümlələri zamanla hazır şəkillər əvəz etməyə başladı. İndi də saf görünmək üçün “Təbrik yazırsan, ya zəng elə, ya da mesaj yaz da. Daha bu qoyun-quzulu video nədir?” deyib özümüzü lap yadplanetli kimi aparırıq. Bəs əlbir olub, bu hala düşmədikmi?!

Zəmanə uşaqları(yıq)

Valideynlərdən fərqli olaraq, gənclər qonaq gələndə yox, zəng edib “bizə də qonaq gəldi, üzrlü sayın” deyəndə sevinirlər. Yenə də ayıb olmasın deyə telefonun bu biri ucunda “Nə yaman oldu, biz də sizi gözləyirdik” deyib, sevincdən özlərinə yer tapmırlar.

Yemək yeyiləsi vaxt hamının dəlicəsinə boşqabdakı yeməyin şəklini çəkib, İnstagram və Whatsapp hekayəsində, ayrıca İnstagramda, Facebookda 2 milyon həştəqlə paylaşıb, süfrə arxasında əyləşən hamını işarələməsini deməyimə yəqin ki, heç ehtiyac da yoxdur. Nə edək? O da həyatın bir anıdır...

Bir vaxtlar deyilən “söhbətlərindən doymaq olmur” cümləsini indi nadir hallarda ciddi mənada deyən olar. O qədər söhbətsizlik söhbətləri edirik ki, hər şey doğrudan da şəkillərdə qalır.

Həə, Qasım kişi... Gedim bu yazını Facebookda paylaşım.

Nərgiz Nənə/ Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI